Urmiya gölünə tökülən vədlər (FOTOLAR)

DÜNYA
10:50 / 09.11.2021
2391

Bu günlərdə İranın Qərbi Azərbaycan əyalətində yüz minlərlə ton almanın yolların qırağına, Urmu gölünün sahillərinə töküldüyü müşahidə edilir. Xüsusilə Urmiya şəhərindən yayılan videolar sosial mediada reaksiyalara səbəb olub. Lakin bu ilk deyil. Belə görüntülər əsasən payızda müxtəlif illərdə də yayılıb. İnsanlar yetişdirdikləri almanın hədər olduğunu, sata bilmədiklərini nəticədə atmalı olduqlarını gündəmə gətirirlər.

Urmuda alma bağı olan bir vətəndaş deyir ki “Almanı dərdirib yeşiklərə yığıb bazara aparıb müftəyə satmaqdansa özüm əl ağacı ilə qısa bir vaxtda almaları töküb meyvə emalı müəssisələrinə ucuz qiymətə satırdım. Ancaq indi bu da gəlir gətirmir və indi mən qohumlardan xahiş edirəm ki, ağacdakı almaları dərib öz ehtiyacları üçün evə aparsınlar.”

Meyvə emalı müəssisələrinə verilən almalardan kompot, cem və digər məhsullar istehsal edilir və bura verilən alma keyfiyyətinə görə üçüncü dərəcəli sayılır. Təbii və qeyri-təbii amillər nəticəsində üçüncü dərəcəli alma istehsalı çoxalıb. Cavabdeh qurumlar isə bu almaların uyğun qiymətə alınacağını vəd etsələr də vədlərini yerinə yetirməyiblər.

Almanın yetişməsi üçün bol suya ehtiyac var. Qərbi Azərbaycan əyaləti isə ölkənin ən çox alma istehsal olunan yeridir. Eyni zamanda Urmu gölünün quruması da burada susuzluğun olacağına bir işarədir. Lakin buna baxmayaraq Qərbi Azərbaycan əyalətində alma istehsalı hər il daha da artır. İllik artışın əkinçilərə də gəlir gətirdiyi təsəvvür edilsə də əslində bu belə deyil. Urmuda əkinçiliklə məşğul olan bir başqa şəxs deyir ki “Hazırda Urmunun Nazlı bölgəsində yerli əkinçilər tərəfindən alma ağacları çıxarılır”, bu isə alma istehsalının, su problemini daha da artırması ilə bərabər yerli əkinçilərin gəlirinin düşməsinə də səbəb olduğunu göstərir.

Yetişdirilən 1.3 milyon ton almanın ancaq 5.4 faizi ixrac edilib

Bu il İranda 4.2 milyon ton almanın yetişdiriləcəyi proqnozlaşdırılmışdı. Ümumiyyətlə ölkədə alma istehsalına görə ilk yeri Qərbi Azərbaycan əyaləti tutur. Qərbi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini olan Nadir Sadeqi əyalətdə bu il təxminən 1.5 milyon ton almanın yetişdiriləcəyini proqnoz vermişdi.

Qərbi Azərbaycan əyalətinin keçmiş valisi Sənəti almanın 1500 tümənə alınacağını vəd etmişdi. Amma Tasnim Xəbər Agentliyinin bildirdiyinə görə hazırda əyalət bazarlarında alma söz verilən qiymətin yarısına satılır.

Əkbər Kəraməti Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Nazirliyinin başçısı hazırda istehsal olunmuş 1.3 milyon ton almanın 900 min tonunun təbii yemək üçün bazarda satışa çıxdığını deyib. Bu isə 400 min ton almanın üçüncü dərəcəli alma kimi emal müəssisələrinə satılması deməkdir. Bu istehsal edilmiş almanın təxminin 27 faizi edir.

Yetişdirilən 1.3 milyon ton almanın yalnız 65 min tonu xarici bazarlara ixrac edilib ki bu da 5.4% deməkdir.

O həm də bu il üçüncü dərəcəli almaların yol qırağına yığılmasının da qadağan edildiyini demişdi. Ancaq yayılan fotolar qadağanın pozulduğunu göstərir.

Qeyd etmək lazımdır ki Qərbi Azrbaycan əyaləti ölkə süviyəsində ən çox alma istehsalına malik olsa da, lazimi Meyvə emalı müəssisələrinin azlığı nticəsində üçüncü dərəcəli almaların 13 min tonu mərkəzi əyalətlərə göndərilib.

Su böhranının ortasında hədər olan sulu məhsullar

İRNA xəbər agentliyi Qərbi Azərbaycan əyalətinin yeraltı su mənbələrinin ciddi şəkildə azaldığını, əyalət səviyyəsində torpağın gizli ölüm yaşadığını bildirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-nın bildirdiyinə görə 1 kiloqram almanın yetişməsi üçün 700 litr su istifadə edilir. Bununla bərabər Qərbi Azərbaycan əyalətində bu il alma istehsalı keçən illə müqayisədə çoxalıb. Bu addım isə mövcud su böhranına uyğun deyil.

Qərbi Azərbaycan əyalətində əkinçilik ənənəvi yollarla aparılır. İranda içməli suların məsrəfində əkinçilik 90 faizlə ilk pillədə durur. Bunun əsas səbəbi isə ənənəvi suvarma üsullarıdır. Qərbi Azərbaycan vilayətində su ilə bağlı vəziyyət acınacaqlı olsa da burada əkinçilik metodları müasirləşdirilmir əksinə hər ötən il daha çox məhsulun istehsalı üçün daha çox su israf edilir. Yetişən məhsulun da bir qismi alınmır deyə atılır.

Zakarya Safayi /etekyazi.com

0