Fransa Britaniyaya getməyə ümid edən çoxlu sayda miqrantın məskunlaşdığı düşərgəni dağıdıb.
Fransa təhlükəsizlik qüvvələri səhər saatlarında Dunkerk yaxınlığındakı ərazidən çadırları söküb və 1 500-ə yaxın miqrantı təxliyə edib.
Səlahiyyətlilər insan alverində şübhəli bilinən 35 nəfərin saxlanıldığını da açıqlayıb.
Fransa polisi 663 nəfərin 23 avtobusla sığınacağa aparıldığını bildirib. Lakin qalan mühacirlərin vəziyyəti barədə məlumat verilməyib.
Ötən həftə 1 185 nəfər La-Manşdan təhlükəli keçid edib və bu rəqəmlə Britaniyaya mühacirlərin sayında yeni rekord qırılıb.
Britaniya Fransa hökumətini keçidlərə nəzarətdə hərəkətsizlikdə ittiham edib və onları insan alverini dayandırmağa çağırıb.
Məsələ La-Manşda balıq ovu hüququndan tutmuş Avstraliya ilə nüvə sualtı qayıqlarına dair razılaşmaya qədər bir sıra məsələlərdə artıq gərginləşmiş Britaniya-Fransa münasibətlərinə xələl gətirib.
Bu il indiyədək 23 000-dən çox insan Fransadan qayıqla Britaniyaya keçib. 2020-ci ildə bu rəqəm 8 404 olub.