Qaranlıq zirzəmi, üç gün çimməmək, üç qurtum saki... - Dünyanın toy adətləri

DÜNYA
12:31 / 23.11.2021
1638
Dünyanın hər bir ölkəsinin, xalqının özünəməxsus adət-ənənələri, mədəniyyəti var. 
 
Toy mərasimi də bunlardan biridir. 
 
Toylar ayrı-ayrı ölkələrdə fərqli şəkildə qeyd olunur. 
 
Qaynarinfo ən maraqlı və fərqli toy adətlərindən bir neçəsini təqdim edir.
 
Hindistan
 
 
Hindistan deyilincə ağıla fərqli adətlər, rituallar gəlir. Bu ölkə özünün inanclarıyla xüsusilə fərqlənir. Elə məhz fərqli toy adətləri olan ölkələr arasında buranın da adını çəkmək olar. 
 
Hindistanda toyda bəyi birinci qarşılayan onun qayınanası olur. Daha sonra bəyin ayaqları yuyulur, ona süd və bal verilir. Gəlinin paltarını bəy alır. Gəlin toya sadə paltarla daxil olur, Toyda bəyin ona hədiyyə etdiyi hindlilərin "sari” adlandırdığı geyimi geyinir. Daha sonra gəlinlə bəy "müqəddəs od”un ətrafında dörd dəfə fırlanaraq yerlərinə qaça-qaça gedirlər. Onların inacına görə, kim masaya birinci çatarsa, evdə də onun sözü keçir. 
 
Şimali Koreya 
 
 
Bu ölkənin də evlilik adət-ənənələri fərqlidir. Şimali Koreyada kişilər 27 yaşdan, qadınlar isə 25 yaşdan əvvəl ailə qura bilməzlər. Onlar evlilikdən əvvəl əsgərlik və dövlət qarşısında olan bütün öhdəliklərini mütləq şəkildə yerinə yetirməlidir. 
 
İndoneziya
 
 
 
İndoneziyada yaşayan Tidonq qəbiləsi toy mərasimi zamanı oğlanla qızı yan-yana oturdur, lakin aralarında bir-birlərini görməsinlər deyə pərdə olur. Şənliklər davam etdiyi müddətcə oğlan gözəl şeirlər deyib qızı razı salmayana qədər onun üzünü görə bilməz. Qız razı olduqdan sonra pərdə götürülür. Bundan sonra evlənən cütlüyə üç gün müddətində çimmək qadağan olunur. 
 
Çin 
 
 
Çində evlilik günü münəccimlə məsləhətləşdikdən sonra qərarlaşdırılır və toy günü onun uyğun hesab etdiyi vaxta salınır. Toydan qabaq bəy evlilik yatağını hazırlayır və yatağın üzərinə müxtəlif meyvələr səpilir. Balaca uşaqları da yatağa oturdub meyvələrlə oynamalarına izn verirlər. Yatağa oturdulmuş uşaqların sayı nə qədər çox olarsa, ailənin uşaqlarının sayının o qədər çox olacağına inanılır. Toy günü gəlin adətən qırmızı rəngli paltar geyinir.
 
Yaponiya
 
 
 
Yaponiya evlilik mərasimlərində "sakazuki-goto” adlı mərasim var ki, mənası da "üç, üç, doqquz” deməkdir. Gəlin və bəy üç ayrı qabdan üç qurtum sake içirlər. Qabların üçü də fərqli boylarda olur və içməyə kiçik olandan başlayırlar. Buddizmdəki 9 rəqəminin 3 qat xoşbətlik gətirdiyinə işarə edən inanca görə, 3 qab və 3 qurtum bu mərasimdə əsasdır. Burada içilən sakelərin hamızı ləzzətli olmur, bu da onların həyatda həm yaxşı, həm də pis şeylər yaşaya biləcəyinə, cütlüyün bunların da öhdəsindən gəlməli olduqlarına işarə edir.
 
Pakistan
 
 
Pakistanda toylar üç hissədən ibarət olur: Mehndi, şadi, valima adlanan bu hissələrdə Pakistanın müxttəlif toy ritualları həyata keçirilir.
Mehndi - xına yaxmaq ənənəsi ilə bağlıdır, qız və oğlan tərəf ayrı-ayrı edir. Bu hissə çal-çağırlı keçir, yeyib içmək, rituallar, musiqi və rəqs olur. 
Qız toyuna şadi, oğlan toyuna isə valima deyilir. 
Şadi və valimada ancaq yeyib-içib, şəkil çəkdirilir. Həzin musiqilər olur. 
Hər üç toy ard-arda üç gün davam edir. Bu ölkədə toyda gəlinlə bəy rəqs etmir. Pakistanda toya gələn qonaqlar gəlinlə bəyə hədiyyə gətirir. Toylarda isə daha çox hind musiqisinə üstünlük verilir. Buna səbəb isə yaxşı Qərb musiqisinin az olması göstərilir. 
 
Finlandiya
 
 
Burada toy mərasimində gəlin qızıl tac taxır, sonra subay qızlar arasından birini seçib tacını ona verir. Bu da növbəti dəfə həmin qızın evlənəcəyinə işarədir.
 
Rusiya
 
Rusiyada gəlin və bəyin valideynləri, cütlüyü duz və çörəklə qarşılayır. Gəlinlə bəy sonra çörəyi bölür, üstünə duz səpərək bir-birnə yedizdirir. Deyilənə görə, çörəyi bölən zaman kimin əlində böyük parça qalarsa, o da ailənin rəisi olur.
 
 
Makedoniya
 
 
 
Makedoniyada qəribə bir adət var. Toydan sonra bəylə gəlin qaranlıq zirzəmiyə düşməlidirlər. Gəlin zil qaranlıqda səhərə qədər yoldaşının çəkmələrini və papağını axtarıb tapmalıdır. Bu xalqın inancına görə, gəlin yoldaşının papağını tapırsa, demək, gəlin evdə söz haqqına sahib olacaq, yoldaşı ilə eyni səlahiyyətləri bölüşəcək.
 
Fransa
 
 
 
Gəlinlə bəy toyda ailədə nəsildən-nəslə ötürülən qabdan şərab içirlər. Uşaqlar əllərində lent bəylə gəlinin qarşısında dayanır, gəlin isə lentləri kəsir. Bu da qarşılaşacaqları bütün çətinlikləri aşa biləcəklərini göstərir.
 
 
0