İzmirin Aliağa rayonunda bir ev və depoda keçirilən əməliyyat zamanı 364 ədəd tarixi əsər aşkar olunub.
HİT.az xəbər verir ki, onlar arasında ən diqqət çəkəni isə Jivaro qəbiləsinin düşmənlərinə aid kəsib kiçiltdikləri başlar olub.
2 adresdə həyata keçirilən əməliyyatların birinci mərhələsində bir evdən Bizans dövrünə aid 5 ədəd sikkə, 4 ədəd sümükdən saç iynəsi, Osmanlı dövrünə aid 19 əlyazma kitabla birlikdə 59 ədəd tarixi əsər tapılıb. Əməliyyatların ikinci mərhələsi isə bir depoda keçirilib və həmin ərazidən 269 ədəd tarixi əsər və 18-ci əsrə aid 27 ədəd tablo ələ keçirilib. Tapılan nümunələr muzeyə verilib.
İzmir Muzey Müdiri Hünkar Keserin verdiyi məlumata görə, tapılan əsərlər arasında Amazon Meşələrində yaşayan Jivaro adlı qəbiləyə aid “Tsantsa” adlı kəllə sümükləri var. Belə ki, həmin qəbilənin nümayəndələri düşmənlərinin kəllə sümüklərini bitki mənşəli yollarla kiçildib boyunlarına asır, bununla öz qəhrəmanlıqlarını nümayiş etdirirdilər. Eyni zamanda ağız hissəsini tikib qulaqlarına çaxıl daşları dolduraraq düşmənlərinin ruhunu da həbs etdiklərini düşünürdülər. Tətbiq etdikləri mumyalama üsulu ilə həmin kəllə sümükləri günümüzə qədər gəlib çıxıb.
Hünkar Keser aşkar edilən əsərlər arasında Quranın da mövcud olduğu əlyazmaların tədqiq ediləcəyini deyib:
“Tapılan tabloların əksəriyyəti 18-ci əsrə aid olub, yağlı boyalı, original tablolardır. Aralarında bir də “Hicablı türk” olaraq adlandırılmış gözəl bir tablo da mövcuddur".
Qeyd olunur ki, hüquqi prosses tamamlandıqdan sonra mənşəyi müəyyən edilən əsərlər öz ölkələrinə göndəriləcək.
Təqsirləndirilən şəxslər barəsində prokurorluqda araşdırma aparılır.
Nazilə Əhmədova