Qondarma rejim tərəfindən ehtiyatda olan zabitlərin hələ də pensiyalarının ödənilməməsi səbəbindən Xankəndidə keçmiş hərbçilər qondarma rejimin "Müdafiə Ordusu”nun binası qarşısında etiraz aksiyası keçirərək, bu günə qədər ödənilməmiş hərbi təqaüdlərinin qısa zamanda verilməsini tələb ediblər.
Qaynarinfo xəbər verir ki, bu haqda qondarma rejimidə fəaaliyət göstərən "Qarabağ Ehtiyatda olan Zabitlər İttifaqı”nın bəyanatında deyilir.
Hərbçilər tələbləri yerinə yetirilməyəcəyi halda daha radikal addımlar atacaqlarını bildiriblər.
Məsələ ilə bağlı təcili reaksiya verən "Müdafiə Ordusu”nun rəsmiləri bildiriblər ki, həqiqətən də belə bir problem var, lakin onun həlli "Müdafiə Ordusu”nun imkanlarından kənarda olduğundan bu istiqamətdə konkret addımlar ata bilməyəcəklər.
"Qarabağ Ehtiyatda olan Zabitlər İttifaqı” üzvlərinə bu formada verilən cavabdan hiddətlənən keçmiş hərbçilər qondarma qurumun rəsmilərinə qısa müddətdə pensiyaların təmin edilmədiyi halda hərbi çevriliş edəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.
Təşvişə düşən "Müdafiə Ordusu” maliyyə idarəsi rəisini və qurumun komandanlığını təcili həlli yollar axtarmağa məcbur edib və hərbçilərə problemin diqqət mərkəzində olacağını, problemin qısa zamanda həll ediləcəyini söz verib.