Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Sankt-Peterburqda görüş keçirilib.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, görüş 3 saatdan çox davam edib. Ölkə liderləri arasında söhbət Konstantin sarayında baş tutub. Onlar nahar zamanı da qeyri-rəsmi söhbət ediblər.
Tərəflər ittifaq dövləti, hərbi təlimlər, eləcə də MDB liderlərinin sammitinin nəticələrini müzakirə ediblər.
"Bu il biz əsas istiqamətlər üzrə mövqelərin əlaqələndirilməsi istiqamətində mühüm addım atdıq. İttifaq dövlətinin inkişafı üçün 28 proqram qəbul edilib”, - deyə Putin bildirib.
Rusiya lideri iqtisadi əlaqələrin inkişafından ayrıca danışıb. O qeyd edib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi təxminən 17 faiz azalıb:
"Ancaq bu il demək olar ki, 36% artım var. Yəni itirdiyimiz hər şeyi kompensasiya etdik və demək olar ki, iki dəfə də əlavə etdik”.
Rusiya Prezidenti onu da əlavə edib ki, Belarus müəssisələrinin Rusiyada dövlət sifarişlərinə qəbul edilməsi təkcə Belarus müəssisələrinin imkanlarını genişləndirmir, həm də bazarda rəqabət səviyyəsini artırır. Lukaşenko da öz növbəsində Rusiya liderinə sanksiyalar zamanı Belarusu dəstəklədiyinə görə təşəkkür edib.