“Fransada koronavirusa yoluxanların sayı yaxın günlərdə artacaq”.
Hit.az xəbər verir ki, bu barədə “France Inter” radiostansiyasına müsahibəsində ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, yanvar ayı ölkənin xəstəxanaları üçün çox çətin ay olacaq və tibb işçiləri bunu başa düşür:
“Biz indi iki böyük təhlükə ilə üz-üzəyik - ümumi baxım palatalarını həddən artıq yükləyən omikron ştamı və reanimasiya şöbələrində xəstələrin sayının artmasına səbəb olan delta ştamı. Bu iki təhdid eyni cavabı tələb edir - peyvəndlər və revaksinasiyalar, o cümlədən, xüsusən də uzaqdan işləmək və böyük toplantılara qadağa ilə bağlı səlahiyyətlilərin göstərişlərinə əməl etmək”.
Fransa hazırda koronavirus pandemiyasının beşinci dalğasını yaşayır. Hazırda 20 minə yaxın koronavirusa yoluxmuş insan xəstəxanalardadır. Fransada pandemiyanın başlanğıcından bəri 123 mindən çox insan koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.