“Əsrin soyğunçuluğu” ilə bağlı müəmma - Xalq artistinin xanımı ittiham olunur

DÜNYA
17:16 / 20.01.2022
1785

Rusiyada "əsrin soyğunçuluğu” kimi təqdim edilən xalq artisti, bəstəkar və müğənni Aleksandr Qradskinin xanımı Marina Kotaşenkoya qarşı soyğunçuluq hadisəsi ilə bağlı müəmmalar davam edir. 

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, soyğunçuluğun üzərindən 4 gün ötsə də, hələ də hadisəni törədənlər tapılmayıb. 

Bu isə olay ətrafında müxtəlif mülahizələrə səbəb olub. Bəzi iddialara görə Marina Kotaşenkonun soyğunçuluğa məruz qalması sadəcə səhnələşdirilmiş kriminal olaydır. Bu mülahizəni irəli sürənlər Qrdaskinin varisləri arasında ixtilaf olduğunu arqument gətirirlər. Kotaşenko xalq artistinin dördüncü həyat yoldaşıdır və mərhumun varidatına iddia edənlər o qədər də az deyil.

Vəkil Sergey Jorin də baş verən soyğunçuluq hadisəsinə şübhə ilə yanaşır. Məsələ burasındadır ki, Kotaşenko olaydan 8 saat sonra polisə müraciət edib. Bu da onun hadisədə əlinin olduğuna şübhələri artırıb. Doğrudur, o, ifadəsində polisə gec müraciət etməyini hadisədən şoka düşməsi ilə izah edib. Amma buna inanlar çox azdır. İstintaq da olayın səhnələşdirilməsi versiyası üzərində işləyir. 

Soyğunçuların Qradskinin evindən (həmin evdə Kotaşenko yaşayır) apardığı 100 milyon rubl (təxminən 1 milyon yarım ABŞ dolları) çarpayının altında çantada olub. Bu detal istintaqın Kotaşenkodan daha çox şübhələnməsinə əsas verib. Böyük məbləğdə pulun arxayın şəkildə çarpayının altında saxlanılması hüquq-mühafizə orqanlarına inandırıcı gəlmir. 

Rusiya KİV-nin ehtimallarına görə, Kotaşenko bu pulu digər varislərlə bölüşməmək üçün bu şəkildə "yox”a  çıxara bilər. 

Qeyd edək ki, hadisə yanvarın 16-da baş verib. Marina Kotaşenko polisə ifadəsində yazıb ki, yanvarın 16-da saat 12.30-da "Lexus” markalı avtomobili ilə elit qəsəbə sayılan "Qlaqelovo Parkı”nda yerləşən evindən çıxaraq mərkəzi dairəvi yola tərəf istiqamət götürüb. Bir neçə kilometr irəlilədikdən sonra naməlum avtomobil onun idarə etdiyi maşına çırpılıb. Qadın bildirib ki, avtomobilin markasını və dövlət nömrə nişanını görə bilməyib. 
 
Həmin avtomobildən 3 nəfər maskalı şəxs düşərək Kotaşenkonun idarə etdiyi avtomobilə əyləşib. Onlar Qradskinin xanımını silahla təhdid edərək maşını yaşadığı evə sürməyi və saxladığı pulları verməyi tələb ediblər. Kotaşenko onlarla birgə yaşadığı evə gələrək çarpayının altında çantanın içində saxladığı 100 milyon rublu (1 milyon 355 min 987 dollar) həmin şəxslərə verib. 

Bundan sonra onlar Kotaşenkodan "Lexus”u Kiyev şossesi ilə Aprelevka istiqamətinə sürməyi tələb ediblər. Məlum olub ki, orada onları ağ rəngli "Mercedes” gözləyir. Kotaşenkonu soyan şəxslər həmin avtomobilə əyləşərək aradan çıxıblar. Kotaşenko deyib ki, onu soyan şəxslər Qafqaz aksentində danışırlarmış.
 
Hadisə barədə ilk olaraq polisə naməlum mənbə məlumat verib. Həmin şəxs olaydan 4 saat sonra polisə zəng vurub. Marina Kotaşaneko isə hadisədən 8 saat sonra polisə müraciət edib. Bu fakt onun hadisədə hansısa rolunun olduğuna dair şübhələrə səbəb olub. Lakin qadın polisə gec müraciət etməsini hadisənin şoku ilə izah edib. Marina Kotaşenko bildirib ki, olaydan sonra şok yaşayıb, ona görə də polisə gec müraciət edib. 

Aleksandr Qradski ötən ilin noyabrında dünyasını dəyişib. Marina Kotaşenko onun dördüncü həyat yoldaşıdır. 

0