Sovet dövrü siyasi elitasında baş verən hadisələrdə ən maraqlı məqamlardan biri Stalin-Xruşov münasibətləri, Xruşovun Stalinin vəfatından sonra ondan "ehtirasla” qisas almasıdır. Əslində Stalin hakimiyyətdə olanda Xruşov həmişə yüksək vəzifə tutub, Ukraynanın, Moskvanın birinci katibi vəzifələrinə təyinat alıb, Siyasi Büroya üzv seçilib, Stalinin bağ ziyafətlərində çox vaxt Xruşov da yaxın silahdaşlardan biri kimi iştirak edib.
Maraqlıdır, bəs Xruşovda Stalinə qarşı bu qədər nifrət, qisas hissi hansı səbəblərdən yaranıb?
Stalinin vəfatından sonra Xruşovun onun adını tarixdən silmək "arzusu”nun kökündə heç də ictimaiyyətə təqdim olunduğu kimi hərbi və siyasi motiv dayanmayıb. Sadəcə olaraq, Stalinin siyasi fəaliyyətində buraxdığı səhvləri bəhanə gətirərək Xruşov ondan öz oğlunun qisasını alıb.
Xruşovun oğlu kim olub? Həqiqətənmi o, Stalinin göstərişi ilə güllələnib?
Xruşovun birinci nikahdan olan oğlu Leonid Xruşov orta təhsil aldıqdan sonra əvvəlcə mülki aviasiya məktəbində, sonra isə hərbi pilotlar hazırlayan xüsusi məktəbdə oxuyub. O, ilk döyüş uçuşlarını sovet-fin müharibəsində həyata keçirib. Sovet-alman müharibəsinin ilk illərindən başlayaraq Leonid Xruşov döyüş bölgələrində xidmət aparıb. Şimal istiqamətində gedən döyüşlərdə düşmənə güclü zərbələr endirdikdən sonra yaralanıb. Bir müddət müalicə almaq üçün o, arxa cəbhəyə göndərilib. Və elə bu ərəfədə baş verən hadisələr onun həyatınını bütövlükdə dəyişib.
Leonid Xruşov hələ çox gənc yaşlarından əyləncələrə, içki məclislərinə, bu məclislərdə iştirak edən qızları öz "bacarığı” ilə təəcübləndirməyə meylli olub. Belə məclislərdən biri də Leonidin yaralandığı, bir ayağından güclü zədə aldığı vaxta təsadüf edib. Öz yaxın dostları və tanış qızları ilə istirahət edərkən restorana dəniz donanmasında xidmət edən, cəbhədə yaralanıb müalicə almağa qayıdan bir nəfər də gəlib. Çəbhə yoldaşı qismində Leonid onu da öz masalarına dəvət edib. Məclis qızışıb. Məclisdəkilərdən kimsə Leonidin sərrast atıcı olduğunu söyləyib. Buna reaksiya verən qonaq söyləyib ki, mən başımın üstünə bir şüşə konyak qoyacam, əgər o sərrast atıcıdırsa, qoy həmin şüşəni bir güllə ilə sındırsın. Sərxoş "baş”lar təklifi alqışlayıblar. Cəbhədən gələn dənizçi başının üstünə bir şüşə konyak qoyub. Leonid tapançası ilə atəş açıb, güllə hədəfin ən yuxarı hissəsini, konyak şüşəsinin "probka”sını tutub. Dənizçi bununla razılaşmayıb. Yenidən növbəti bir şüşəni başına qoyub. Hiddətlənən Leonid ikinci dəfə atəş açıb. Ancaq bu dəfə güllə dənizçinin başına dəyib və o, yerindəcə ölüb.
Kifayət qədər böyük səs-küyə səbəb olan bu hadisə artıq bir neçə saatdan sonra Kremldə müzakirə mövzusuna çevrilib. Təbii ki, hadisəni törədən adi şəxs olsaydı, yerindəcə cinayət işi qaldırılaraq cəzaya göndərilərdi. Amma hadisənin Xruşovun oğlunun törətməsi məsələni siyasiləşdirib.
Nikita Xruşov yaxşı dərk edib ki, Stalinin məmur övladlarının bu cür həyat tərzinə münasibəti amansızdır. O, yalnız oğlunun döyüşlərdə iştirak etməsinə görə bağışlanacağına ümid edib və elə bu ümidlə rəhbərin qəbuluna yollanıb. Kəskin dialoqdan sonra qərara alınıb ki, Leonid Xruşov döyüşən cəbhəyə göndərilsin.
Beləliklə, Xruşovun oğlu bir ayağı ciddi zədəli halda cəbhəyə gedib. Amma qara buludlar onun başı üzərindən çəkilməyib. 26 dəfə uğurlu döyüş uçuşundan sonra Leonid Xruşovun qırıcısı qərb cəbhəsində düşmən tərəfindən vurulub. O, çətinliklə neytral zonaya eniş edə bilsə də, almanlar tərəfindən əsir götürülüb.
Bu xəbər Stalini hiddətləndirib. Onun ilk ağlına gələn o olub ki, Leonid Xruşov SSRİ-nin siyasi elitası haqqında bildiklərini su qiymətinə düşmən tərəfə çatdıracaq. Stalin nəyin bahasına olursa-olsun, Leonidin geri qaytarılması haqqında düşünüb. Və sözsüz ki, bu işdə "hər şeyə qadir olan” Lavrenti Beriya Stalinin köməyinə çatıb. Beriya bütün əlaqələrini işə salaraq Leonid Xruşovun əsirlikdə olan alman zabiti ilə dəyişdirilməsinə nail olub.
Stalinin baş mühafizəçisi general Vlasik öz xatirələrində həmin günləri belə xatırlayıb:
"Xruşov qəbul otağında gözləyirdi. Stalinin şəxsi köməkçisi və katibliyin rəisi olan Poskrebışev əyləşmək üçün ona yer göstərsə də, Nikita Sergeyeviç bir yerdə qərar tuta bilmirdi. O, tez-tez cibindən dəsmalı çıxırır, alnının, boynunun tərini silirdi. Çox həyəcanlı idi. Biz onu heç vaxt belə görməmişdik. Nəhayət, Stalin özü kabinetdən çıxdı, başının işarəsi ilə Xruşovu içəri dəvət etdi, qapını isə açıq qoydu. Adətən o, qapını özü açıq qoyanda onun göstərişi olmadan bağlamırdıq. Bu ərəfədə əvvəlcə Beriya, sonra isə Molotov da qəbul otağna gəldilər, ancaq onlar Stalinin kabinetinə keçmədilər.
Kabinetdəki danışıqlar qəbul otağında aydın eşidilirdi. Xruşov oğlunun əfv edilməsini xahiş edirdi, özü də yalvarış formasında. Stalin isə onu çox sakit bir şəkildə dinləyirdi. Nəhayət, Stalin dilləndi:
- Yoldaş Xruşov, mən mövcud vəziyyətdə sizə kömək etmək iqtidarında deyiləm.
O ayağa qalxanda Xruşov onun qarşısında diz çökdü, ağlayaraq yalvarmağa başladı. Stalin isə kənara çəkilərək yüksək səslə mühafizəçiləri çağırdı:
- Bunu kabinetdən çıxarın!
Xruşovun halı pisləşmişdi. Biz onu qonşu otağa apardıq. Təcili tibbi personal çağırdıq. Özünə gələndən sonra da Xruşov acizanə səslə yalvarışlarını davam etdirirdi: "Oğlumu bağışlayın, onu güllələməyin...”. Bu yalvarışları isə artıq heç kim eşitmirdi, o cümlədən İosif Stalin də...”
Bəli, Xruşovun Stalindən qisas almasının əsas səbəbi bu olub. Bu məsələni araşdıran tarixçilər onu da qeyd ediblər ki, Xruşov hakimiyyətə gəldikdən sonra arxiv sənədlərinə müdaxilə edərək çox şeyləri dəyişib və oğlunu ictimaiyyətə döyüşlərdə qəhrəmancasına həlak olmuş kimi təqdim edib. Xruşov buna nail olmağı bacarıb, Çörçillin təbirincə desək, Xruşov ölülərlə mübarizəyə başladı və mübarəzədən qələbə ilə çıxdı...
Mənbə: Sfera.az