Dövlət Duması "Donetsk və Luqansk Xalq Respublikaları”nın ərazisində yaşayan Rusiya vətəndaşlarının orduya çağırıla biləcəyini bildirib.
Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib. O, bunun çağırışçının öz arzisiyla ediləcəyini vurğulayıb.
Deputat izah edib ki, bunun üçün Rostov-Dondakı regional hərbi komissarlığa müraciət etmək lazım gələcək. Orada qeydiyyatdan keçəcək və çağırış kampaniyası zamanı orduya aparılacaqlar. Onlar Rusiya Federasiyasının ərazisində xidmət edəcəklər.
Duma komitəsinin sədr müavini həmçinin qeyd edib ki, "müstəqilliyini” elan etmiş respublikaların sakinləri ilə görüşlərdə rusdilli əhalinin müdafiəsi ilə bağlı suallar getdikcə daha çox qaldırılır. "DXR” və "LXR” ərazisində yaşayan hər kəs Ukrayna ordusunun bu əraziləri "işğal etməsindən” narahatdır.