Ermənistan və Türkiyə arasında 2019-cu ildən dayandırılan çarter reysləri çərşənbə günü axşam saatlarından etibarən bərpa edilib.
Ermənistanın "Flyone Armenia” aviaşirkətinin direktorlar şurasının rəhbəri Aram Ananyan bildirib ki, təyyarə İrəvandan İstanbula yerli vaxtla saat 18:00-da uçub.
"İrəvan-İstanbul-İrəvan reysləri həftədə iki dəfə, bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Növbəti aylarda aviaşirkət İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşları həftədə üç dəfə olmaqla bazar ertəsi, çərşənbə və cümə günləri reallaşdırmağı planlaşdırır”, - deyə o qeyd edib.
Ananyanın sözlərinə görə, satılan biletlərin sayı "aviaşirkətin gözləntilərinə uyğundur”. Belə ki, 180 nəfərlik təyyarə ilə İrəvandan 65 sərnişin uçacaq. 30-dan çox sərnişin isə geri qayıdacaq. Uçuş vaxtı təxminən iki saat olacaq., İstanbuldan təyyarə həmin gün geriyə uçuş edəcək.
Xatırladaq ki, "Flyone Armenia” ilə yanaşı, Ermənistanın aviasiya orqanları Türkiyənin "Pegasus” aviaşirkətinə də eyni marşrut üzrə uçuşlar həyata keçirməyə icazə verib. Aviaşirkətin bu istiqamətdə ilk uçuşunu çərşənbə günü axşam saatlarında İstanbuldan yerinə yetirəcək və fevralın 3-nə keçən gecə aviareys Yerevana çatacaq.