Pentaqon yaxın günlərdə Rumıniya, Polşa və Almaniyaya əlavə 2000 hərbçi göndərəcək.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə deyib.
“Mövcud vəziyyət bizdən NATO-nun Şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir”, - Kirbi bildirib.
O, hərbi personalın bölgəyə daimi göndərilmədiyini, bu tədbirin regiondakı Amerika müttəfiqlərinə dəstək məqsədi daşıdığını vurğulayıb:
“Bu, hazırkı vəziyyətə reaksiyadır, onlar Ukraynada döyüşməyəcək”.
Onun sözlərinə görə, söhbət 82-ci Hava Desant Diviziyası və 18-ci Hava Desant Korpusunun bölmələrindən gedir. Onlar NATO-nun deyil, ABŞ komandanlığı altında olacaqlar.
Bundan əlavə, Pentaqon Almaniyadan Rumıniyaya daha min əsgər göndərəcək. ABŞ müdafiə nazirliyi qeyd edib ki, zərurət yaranarsa, qoşunlarını Avropa daxilinə köçürəcək.
Kirbi yaxın vaxtlarda Avropaya əlavə qüvvələrin göndərilə biləcəyini istisna etməyib. Onlar gələcəkdə Ukraynada “evakuasiyanı asanlaşdırmaq üçün” istifadə edilə bilər. O, həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə işləməyə davam edəcəklər. Kirbi qeyd edib ki, ABŞ administrasiyası əmindir ki, Ukrayna ətrafında vəziyyətlə bağlı münaqişədən hələ də qaçmaq olar:
“Rusiyanın Ukraynaya hücumu ilə bağlı yekun qərar verib-vermədiyini bilmirik. Biz Ağ Ev və ABŞ Dövlət Departamentinin razılığa gəlmək üçün göstərdiyi diplomatik səyləri dəstəkləməyə davam edəcəyik. Biz münaqişənin qaçılmaz olmadığına inanmaqda davam edirik”.