Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə gəlib.
Hit.az xəbər verir ki, onun təyyarəsi Kiyevdə Borispol hava limanına enib.
Qeyd edək ki, səfər Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutub. Səfər çərçivəsində prezidentlər arasında görüş keçiriləcək. İki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.
Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, bu səfər Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı dövrə təsadüf edir. Rəcəb Tayyib Ərdoğan iki dövlət arasında vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Rusiya Preizdenti də yaxın zamanlarda Ukrayna ilə mövcud gərginliyin tənzimlənməsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.