Qırğızıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Sadır Japarovun qohumları və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (QKNB) rəhbəri Kamçıbek Taşiyevin yaxın adamları olduqlarını iddia edən dələduzları saxlayıb.
Hit.az xəbər verir ki, bu barədə Qırğızıstan MTK-nın mətbuat xidməti məlumat yayıb.
“Dövlət orqanlarında sistemli korrupsiyanın aradan qaldırılması istiqamətində aparılan işlərin gedişində MTK özlərini Qırğızıstan Respublikasının Prezidenti Japarov Sadır Nurqojoeviçin, onun qardaşı S.N.Japarovun qohumları kimi təqdim edən, habelə Respublika MTK-nın sədri general-leytenant K.K.Taşiyevlə yaxın olduqlarını iddia edən şəxslər saxlanılıblar.
Həmin şəxslər Dövlət Gömrük Xidmətinin və Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərini qorxudaraq, xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi Təşkilatının üzvü olan ölkələrin idxalçılarına himayədarlıq ediblər", - deyə məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, saxlanılan şəxslərə qarşı cinayət işi açılıb:
"Dövlət Təhlükəsizlik Komitəsi vətəndaşlardan ayıq-sayıq olmağı, özünü müxtəlif vəzifəli şəxslər kimi təqdim edən, bu və ya digər məsələnin həlli üçün pul tələb edən dələduzların əməllərinə uymamağı xahiş edir. Vicdansız şəxslərin dələduzluq hərəkətləri ilə rastlaşdıqda hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı tövsiyə edirik".