İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
“Ehtimal olunan Lassa qızdırması halı təsdiqlənib və bununla da ümumi halların sayı üçə çatıb. Təəssüf ki, bir nəfər vəfat edib”, - məlumatda deyilir.
Bildirilib ki, geniş ictimaiyyət üçün risk çox aşağı olaraq qalır və həkimlər indi xəstələrlə yaxın təmasda olan şəxslərlə əlaqə saxlayırlar.
Lassa qızdırması ağır gedişat, yüksək ölüm göstəricisi, tənəffüs orqanlarının, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi, hemorragik sindromla xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcıları Afrika siçovullarıdır və Lassa qızdırması olan bir insan da infeksiya mənbəyi ola bilər.
İnfeksiyanın yayılması qida, su, hava-damcı, təmas, cinsi və şaquli (hamilə qadından uşağa) yollarla baş verə bilər. Britaniyada Lassa qızdırmasına ilk dəfə 1980-ci ildə, bundan əvvəl sonuncu dəfə isə 2009-cu ildə rast gəlinib.