"Rusiya işğalçı qoşunları atəşkəsə məhəl qoymur. Onlar son sutka ərzində, fevralın 20-də Ukraynanın mövqelərini 80 atəşə tutub, onlardan 72-də Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə edilib”.
Qaynarinfo Ukraynanın Unian.net portalına istinadla xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatının Baş qərargahından məlumat verilib.
Düşmən atəşi nəticəsində 1 hərbçi orta-ağır qəlpə yaraları alıb və hazırda tibb müəssisəsindədir. Sağlamlıq vəziyyəti qənaətbəxşdir.
Bundan əlavə, qərargah qeyd edib ki, cari gün ərzində yaraqlılar tərəfindən 8 qanun pozuntusu qeydə alınıb, onlardan 8-i Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə ilə olub. Söhbət Talakovka, Pişevik, Vodyanı, Krasnoqorovka, Memrik və Stanitsia Luqanskanın atəşə tutulmasından gedir. Xüsusilə də işğalçılar artilleriyadan istifadə ediblər.
Düşmənin əməliyyatları nəticəsində Birləşmiş Qüvvələrin hərbi qulluqçuları arasında itki yoxdur. Ukrayna müdafiəçiləri vəziyyətə nəzarət edir və düşmənin potensial təhlükələrinə adekvat cavab verir.
Rusiya mətbuatının ənənəvi xəbərlərinə əsasən isə, özünü elan etmiş "Donetsk Respublikası”nın (DXR) Dövlət Təhlükəsizliyi Nazirliyi Ukrayna diversiya qrupunun bölgəyə soxulduğunu bildirib.
Agentliyin məlumatına görə, hadisə saat 08:10-da "respublika”nın Novoazovski rayonunda baş verib. Ukrayna silahlıları Rusiya sərhədinə yaxınlaşmağa cəhd ediblər. Onları Xalq Milis İdarəsinin (XMİ) bölmələri qarşılayaraq, döyüşüblər.
"Hücum nəticəsində "DXR Xalq Milis İdarəsi”nin raket və artilleriya silahları anbarı partladılıb", - təhlükəsizlik qüvvələri bildiriblər.
Yerli media daha əvvəl Donetsk dəmir yolu stansiyası yaxınlığında bir ukraynalı diversantın partlayıcı qurğu quraşdırmaq istəyərkən həlak olduğunu bildirmişdi.