"Biz Kremli məsuliyyətə cəlb edəcəyik”.
HİT.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.
"Biz Rusiyanın Ukraynaya qarşı haqsız hücumunu qətiyyətlə pisləyirik. Bu saatlarda düşüncələrimiz Ukraynada, günahsız qadınlar, kişilər və uşaqlardadır”, - o bildirib.
ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Rusiyanın Ukraynaya silahlı hücumunun dayandırılması məsələsi "Böyük yeddilik” ölkələri liderlərinin fövqəladə toplantısında müzakirə olunacaq. O bildirib ki, görüşdə Rusiyaya tətbiq ediləcək sanksiyalar paketi nəzərdən keçiriləcək.
Ağ Ev rəhbərinin sözlərinə görə, NATO-nun müttəfiqinə qarşı aqressiyaya cavab addımları razılaşdırılacaq.
Co Bayden vurğulayıb ki, rəsmi Moskva adıçəkilən dövlətə hərbi müdaxilə etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb ediləcək: "Baş verənlərə görə məsuliyyəti bilavasitə Rusiya daşıyır. Bütün dünya Ukrayna dövləti və xalqı üçün dualar edir. Müttəfiqlərimizlə birlikdə Rusiyanın addımlarına cavab veriləcək”.
Almaniyanın Kansleri Olaf Şolts isə bu hücumun heç bir əsasının olmadığını bildirib və vurğulayıb ki, Almaniya Prezident Putinin bu ehtiyatsız hərəkətini ən sərt şəkildə pisləyir:
"Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Biz Ukrayna və onun xalqı ilə həmrəyik. Rusiya bu hərbi əməliyyatı dərhal dayandırmalıdır. G7, NATO və Aİ çərçivəsində biz bu gün yaxın təmasda olacağıq. Bu, Ukrayna üçün dəhşətli, Avropa üçün isə qara gündür.
Kanslerin mətbuat katibi Steffen Hebestreit bildirib ki, Şoltas Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon əlaqəsi saxlayıb və onu əmin edib ki, Almaniya bu çətin zamanda Ukraynanın yanındadır.