"Türkiyə rəhbərliyinə səslənirəm. Çanaqqala boğazının bağlanmasını tələb edirik. Rusiyaya sanksiya tətbiq olunmasını istəyirik. Buradakı Rusiya səhmlərinin müsadirəsini tələb edirik”.
Bu fikirləri Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar söyləyib.
Bəs, hansı hallarda boğazlar gəmilərin hərəkəti üçün bağlana bilər?
Bununla bağlı türkiyəli mütəxəssislərdən də reaksiya gəlib. Əvvəlcə xatırladaq ki, 1936-cı il Montrö Konvensiyasına əsasən, Türkiyə İstanbul və Çanaqqala boğazlarına nəzarət edir - bu da Ankaraya hərbi gəmilərin keçidini tənzimləmək və təhlükə yaranarsa, boğazları bağlamaq səlahiyyətini verir.
Beləliklə, təqaüddə olan səfir Yalım Eralp, Montrö razılaşmasının Türkiyəyə özünü təhlükə altında görəcəyi təqdirdə, boğazları bağlamaq hüququ verdiyini deyib: "Türkiyə təkbaşına mübarizə aparmasa, ancaq üçüncü ölkələrin müharibəsində özünü təhlükə altında görsə, boğazları bağlaya bilər. Belə bir qərar mümkündür, lakin bu, Rusiyaya qarşı çətin qərardır".
Beynəlxalq Əlaqələr üzrə mütəxəssis, professor Nurşin Ateşoğlu Güney Türkiyənin sülhü təmin etmək adına lazımi tədbirləri görərək, döyüşən tərəflərin gəmiləri üçün boğazları bağlaya biləcəyini söyləyib:
"Montrö razılaşmasına görə, Türkiyənin belə bir hüququ var. Lakin indiki problem irimiqyaslı müharibədən daha çox, Ukraynanın şərqindəki kiçik münaqişələr formasındadır. Ona görə də hazırkı mərhələdə Türkiyənin hər hansı açıqlama verməsinə ehtiyacı yoxdur”.
Təqaüddə olan polkovnik Türker Ertürk də Türkiyənin özünü təhlükə altında hiss etdiyi təqdirdə, boğazları bağlamaq hüququna malik olduğunu bildirərək, bu iddia ilə çıxış edib:
"ABŞ və Ukrayna Türkiyənin Montrö razılaşmasını pozmasına çalışır. Belə bir qərar qəbul etmək məcburi olardı. Çünki Türkiyə üçün təhlükə yoxdur. Ukraynaya qarşı olan təhlükəni Türkiyəyə qarşı kimi dəyərləndirmək düzgün deyil”./Sfera.az