Zaporojye AES-in enerji blokları toxunulmaz olaraq qalır, hazırda radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb.
Qaynarinfo Ukraynanın Dövlət Nüvə Tənzimləmə Qurumunun məlumatına əsasən xəbər verir ki, indi Zaporojye AES-in yerləşdiyi ərazi Rusiya Federasiyasının hərbi qüvvələri tərəfindən ələ keçirilib.
"ZNPP enerji blokları toxunulmaz olaraq qalır, 1 nömrəli enerji blokunun reaktor bölməsinin binasında zədələr var ki, bu da enerji blokunun təhlükəsizliyinə təsir göstərmir. Atom elektrik stansiyasının təhlükəsizliyi üçün vacib olan sistem və elementlər hazırda işlək vəziyyətdədir. Radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb”, - məlumatda deyilir.
Mütəxəssislər Zaporojye AES-in rəhbərliyi ilə əlaqə saxlayırlar.
Enerji bloklarının vəziyyəti:
1 nömrəli enerji bloku: planlı profilaktik təmir.
2, 3 nömrəli enerji blokları: şəbəkədən ayrılıb və nüvə qurğularının soyudulması davam edir.
4 nömrəli enerji bloku: işləyir, elektrik enerjisi 690 MVt.
5, 6 nömrəli enerji blokları: nüvə qurğularının soyudulması davam edir.
"İstismar heyəti enerji bloklarının vəziyyətinə nəzarət edir və onların təhlükəsiz istismarı üçün texnoloji reqlamentlərin tələblərinə uyğun işləməsini təmin edir”, - məlumatda deyilir.
Xəbər verdiyimiz kimi, martın 4-nə keçən gecə Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazini atəşə tutub, nəticədə AES ərazisində yanğın baş verib. Saat 06:20-yə olan məlumata görə, xilasedicilər yanğını söndürüblər. Ölən və yaralananlar barədə məlumat yoxdur.