BMT-dən Ukraynada ölən mülki əhalinin sayı ilə bağlı AÇIQLAMA

DÜNYA
20:47 / 10.03.2022
817

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində mülki əhalinin itkiləri ilə bağlı yenilənmiş məlumatları dərc edib.

“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (UNHCHR) İdarəsi 2022-ci il fevralın 24-dən martın 9-u gecə yarısına qədər 1506 ölüm faktı qeydə alıb. Həmçinin bu müddət ərzində Ukraynada mülki şəxslərdən 549 nəfər ölüb, 957 nəfərsə yaralanıb”, - deyə təşkilatın məlumatında bildirilib.

Qeyd olunub ki, ölən 549 nəfərin 101-i kişi, 67-si qadın, 6-sı qız və 9-u oğlan, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 26 uşaq və 340 böyükdür.

Həmçinin 957 yaralı arasında 81 kişi, 64 qadın, 14 qız və 4 oğlan, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 34 uşaq və 760 böyük var.

Bundan əlavə, hesabata əsasən, Ukrayna hökumətinin nəzarətində olmayan ölkə ərazisində 139 belə hal (24 ölü və 115 yaralı) qeydə alınıb.

“Qeyd edilmiş mülki itkilərin əksəriyyəti geniş təsir sahəsinə malik partlayıcı silahlardan, o cümlədən ağır artilleriyadan və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atəş, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, - məlumatda qeyd olunub.

0
oxu.az