Ukrayna Müdafiə Nazirliyi 11 mart saat 6:00-adək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb.
HİT.az Ukrayna MN-in “Facebook” səhifəsinə istinadla xəbər verir ki, məlumatda deyilir:
“Son 6 saat ərzində qoşunlarımızın və düşmən qoşunlarının mövqeyində ciddi dəyişiklik olmayıb.
Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə aqressiv rus təbliğatı fəal işləməyə başlayır. İşğalçılar rusiyayönlü mesajlar yaymaqla yerli əhali ilə razılığa gəlməyə çalışırlar.
Xerson vilayətində düşmən müvəqqəti işğal olunmuş yaşayış məntəqələrində “asayişi” qorumaq üçün komendaturalar sistemi yaradaraq, inzibati-polis rejimi yaratmağa çalışır.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Çerniqov vilayətində davam edən toqquşmalar zamanı işğalçılar xeyli itki verməkdə davam edir. Nəticədə bu ərazidəki işğalçı qüvvələrin şəxsi heyəti ruhdan düşüb və əsir götürülüb.
Bəzi yaşayış məntəqələrində düşmən beynəlxalq humanitar hüquq normalarını pozaraq, mülki şəxsləri qarət edir, girov götürür, edam edir.
Rusiya Silahlı Qüvvələrinin hissələrinin və qeyri-qanuni yaradılmış digər terrorçu silahlı birləşmələrin təcili surətdə doldurulması zərurətində Rostov vilayətində, islah koloniyalarında əfv müqabilində işğalçı qüvvələrə qoşulmaq təklifi ilə məhbuslar arasında iş davam etdirilir” - məlumatda qeyd edilib.