Putin bu məhsulların ixracına qadağa qoydu, bu ölkələr isə istisnadır - SİYAHI

DÜNYA
11:40 / 11.03.2022
2620

Rusiya hökuməti 2022-ci ilin sonuna qədər Rusiya Federasiyasından ixracı qadağan edilən idxal mallarının siyahısını açıqlayıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Siyahı Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə tərtib edilib.

Siyahıya texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı maşınları, elektrik avadanlıqları, dəmir yolu vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, pult və panellər daxil olmaqla, ümumilikdə 200-dən çox adda məhsul daxildir.

Hökümətin mətbuat xidməti əlavə edib ki, belə bir tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün lazımdır.

Sadalanan malların Avrasiya İqtisadi İttifaqı (Aİİ), Abxaziya və Cənubi Osetiya ölkələri istisna olmaqla, Rusiyadan digər ölkələrə ixracı müvəqqəti qadağandır. Bu ölkələrə malların ixracına icazə Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və Təbii Sərvətlər Nazirliyi tərəfindən veriləcək.

Hökumət, həmçinin, Rusiyadan bəzi ağac növlərinin dost olmayan ölkələrə ixracını müvəqqəti məhdudlaşdırıb. Bu tədbir də 2022-ci ilin sonuna qədər qüvvədə olacaq.

Martın 7-də Rusiya hökuməti Ukraynadakı hərbi əməliyyatla bağlı Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq “dost olmayan ölkələr” siyahısını təsdiqləyib. Siyahıya Aİ-yə üzv dövlətlər, o cümlədən Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya (Cersi, Anguilla, Britaniya Virginiya adaları və Cəbəllütariq daxil olmaqla), İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San -Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə və Yaponiya daxildir.

Xatırladaq ki, Vladimir Putin ilin sonuna kimi Rusiyadan ixraca və bəzi məhsulların və xammalın idxalına qadağa qoyulmasını tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək. Prezidentin fərmanına əsasən, məhdudiyyətlər Rusiya vətəndaşlarının, əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin şəxsi ehtiyacları üçün ölkədən idxal və ya ölkədən çıxaracaqları mal və xammala təsir etməyəcək.

Bundan əvvəl Sənaye və Ticarət Nazirliyi də Rusiya istehsalçılarına ixrac üçün gübrələrin daşınmasını dayandırmağı tövsiyə edib. (yenisabah)

1