Zelenski ABŞ-dan S-300-lər istədi - “Bizim də yaşamaq haqqımız var”

DÜNYA
19:15 / 16.03.2022
1099

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresində videobağlantı vasitəsilə çıxış edib.

O, müraciətində ABŞ-ı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırıb:

“Bu gün ölkənin lideri olmaq kifayət deyil, sülhün bərqərar olması üçün səy göstərən dünya lideri olmaq lazımdır. Ölümü dayandırmaq mümkün deyilsə, həyatın mənasını görmürəm. Hər kəsin azad yaşamaq hüququ var. Bizim də yaşamaq haqqımız var. Ukraynanı başa düşməlisiniz, sizə ehtiyacımız var. Pörl Harboru xatırlayın. 11 sentyabrı xatırlayın. Bu hücumlar sizin müstəqil torpaqlarınızda həyata keçirilib. Biz də 3 həftədir Rusiya tərəfindən hücuma məruz qalmışıq. Ölkəmizə minlərlə raket atıldı və Ukraynada Avropanın İkinci Dünya Müharibəsindən bəri görmədiyi terrora səbəb oldu”.

O, bir daha Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağa və ölkəni müdafiə üçün aviasiya və zenit-raket sistemləri ilə təmin etməyə çağırıb. Zelenski Qərb tərəfdaşlarını Ukraynaya dəstək olmamaqda qınayıb: 

“Azad şəhərlərimizi Rusiyanın terror hücumundan qorumaq üçün həddindən artıq çox şey istəyirik? Əgər bu çoxdursa və biz bunu tələb edə bilmiriksə, sizin üçün alternativ: bilirsiniz ki, şəhərlərimiz rusların hücumu altındadır. Minlərlə insan həyatını itirdi. Biz Ukrayna üzərində uçuşa qadağa zonası elan olunmasını istəyirik. Bu, xalqımızı qorumaq üçün lazımdır. Bu pisliyə son qoyulmalıdır. Bu gün təəssüf ki, biz bu vasitələrə sahib deyilik. Bu mərhələdə bizim S-300 kimi hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Mənim xalqımı, hava məkanımı qorumağa, sizin köməyinizə ehtiyacım var”, - deyə Zelenski bildirib.

0