Zelenski əslində kimdir? - Aktyor, şoumen, kinorejissor, prezident…- VİDEO

DÜNYA
15:22 / 18.03.2022
1452

Ukraynanın birinci xanımı Yelena Zelenskaya ABŞ-ın “ABC News” telekanalına müsahibəsində Ukrayna prezidentinin həyatı üçün qorxduğunu, lakin onun gücünə şübhə etmədiyini deyib.

...Birinci xanım ərinə və ölkəsinin birinci şəxsinə görə narahatdır. Hər iki aspektdə təbii hisslərdi. Bəs sinəsini sipər edərək öz ölkəsini qorumasıyla dünya gündəmini zəbt edən, ailəsinin və bütün xalqının bir nömrəli sevimlisinə çevrilən Volodimir Zelenski kimdir?

İndiki reallıqda Zelenskinin özü ilə görüşüb ondan bu suala cavab almaq imkanları çox məhdudlaşdırılıb. Amma döyüşkən prezidentin şəxsi məlumatlarını çoxsaylı seyrçilərimizlə paylaşmağı özümüzə borc bilirik. Günümüzün və tarixin prizmasından...

Rusiyanın Ukraynaya hücumu onun soyadını da dəqiqləşdirdi dünya üçün. Sən demə, illərlə "Vladimir" kimi tanıdığımız Zelenskinin adının yazılışı ukrayna yanaşmasında "Volodimir" imiş. Döyüşkənliyi isə hazırcavablar klubunun yarış mahiyyətindən və ölkəsinin ən ali kürsüsü - prezidentlik uğrunda ardıcıl mübarizə və qəti qələbəsindən bəlli idi dünyaya. Əlbəttə ki indiki döyüşü ilə müqayisədə bunlar ancaq "baş məşq" sayılacaq qədər kölgədə qalacaq kiçik nüanslardı. Zelenski indi əlində silah, beynində müharibənin taktika və strategiyasını daşıyan əsgər olaraq ölkəsinin xidmətçisidir. Yenə də bir nömrəli.

Zelenski 25 yanvar 1978-ci ildə doğulub. Ukraynanın məşhur Krivoy Roq şəhərində. Texnika elmləri doktoru, professor Oleksandr və mühəndis Rimma Zelenskilərin ailəsində. 

Volodimir Kiyev Beynəlxalq İqtisadiyyat Universitetinin məzunu olub. Yelena Zelenskaya ilə evli, Aleksandra və Kirillin atasıdır. Hərbi rütbəsi əsgər, yaratdığı partiya isə "Xalqın xidmətçisi"dir. Müstəqil Ukraynanın 6-cı prezidentidi.  Onu aktyor, parodiyaçı, şou-biznes, siyasət, kino istehsalı mütəxəssisi, vokalist, şoumen, kinorejissor, sahibkar kimi də tanıyırlar. Haqqında yazılanlardan o da anlaşılır ki, Zelenskinin triumfa aparan yolları partiyasının adı ilə paralel səslənən “Xalqın xidmətçisi” yumoristik serialındakı “Prezident” obrazını peşəkarlıqla canlandırmasından keçib.

İndi 2019-cu ildə artıq səhnədə deyil, gerçək həyatda Prezident seçilən Zelenski 44 milyonluq bir ölkənin lideri kimi paytaxt Kiyevi mühasirəyə almış Rusiya ordusuyla üz-üzədir. 

Nəzirməmməd Zöhrablı
Xüsusi olaraq Qaynar TV üçün

0