Şok plan: Putin son zərbəni bu cür endirəcək

DÜNYA
23:39 / 18.03.2022
2330

Rusiya Ukraynada son hücumla qələbə qazanmaq niyyətindədir.

Hit.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Rusiyanın Odessaya hücumu an məsələsidir, Ukrayna Qara dənizdəki Rusiya donanmasının hücumunu gözləyir:

“Amma digər tərəfdən, ekspertlər bunun bir taktika olduğunu və Rusiyanın Ukraynanı aldadaraq başqa hədəfə hücum edəcəyini iddia edirlər. Hərbi analitiklərin fikrincə, Rusiya cənubdan ordunu digər bölmələrlə birləşdirərək, Ukraynanı mühasirəyə almağı və ildırımsürətli hücumla qələbə çalmağı hədəfləyir. Odessaya hücum üçün gözləyən donanma isə Ukrayna generallarının diqqətini yayındırmaq məqsədi daşıyır”.

Nəşr qeyd edib ki, ruslar Odessaya hücum etmək əvəzinə, Nikolayev şəhərini götürərək, özünü şimala hərəkət edirmiş kimi göstərib, Ukraynanı cənubdan vurmağı planlaşdırır:

“Rus generalların bu planı həqiqətdirsə, Putinin diqqətini müharibənin əvvəlindən iddia etdiyi Ukraynanı silahsızlaşdırma hədəfinə yönəltdiyi görünür. Bu da böyük şəhərlərin rusların hədəfində olmadığını, Ukrayna ordusunu mühasirəyə alıb darmadağın etmək məqsədi daşıdığını təsdiqləyir. İngiltərənin RUSİ müdafiə və təhlükəsizlik analitik mərkəzinin mütəxəssisi Sam Qrenni-Evans və Sidharth Kaushalın fikrincə, Odessanı hədəf alan hərbi gəmilər və Qara dəniz sahillərinə yaxınlaşan amfibiya hərbi texnikalar bunun sübutudur. Hazırda minlərlə hərbçini daşıya bilən amfibiya texnikalarının sayı getdikcə artır və Qara dənizdə Rusiyanın 30 hərbi gəmisi ilə birlikdə sualtı qayıqlar var”.

Qəzet RUSİ-yə istinad edərək yazıb ki, Rusiyanın Donetsk və Luqanskda dəstəklədiyi qüvvələr bölgəni üç fərqli istiqamətdən mühasirəyə almağı hədəfləyir:

“1. 58-ci ordu korpusu Krımdan şərqə doğru irəliləyərək Zaporojye şəhərinə yönəlib və buradakı qüvvələrlə və Donbasdan gələn 8-ci ordu ilə birləşməyi planlaşdırır.

2. Tank alayı isə özünü Xarkovu ələ keçirməyə və buradakı Ukrayna ordusunun gücünü zəiflətmiş göstərəcək, əslində isə Poltavaya doğru irəliləyərək, Donetsk və Luqanskdan geri çəkilən Ukrayna ordusunun yolunu kəsəcək.

3. Rusiyanın 20-ci Motoatıcı diviziyası da özünü Nikolayevə doğru hərəkət edirmiş kimi göstərib Odessaya tərəf irəliləyəcək və Dneprin qərbindəki əraziləri ələ keçirəcək”.

Ekspertlər bunun Ukrayna üçün kritik dönüş nöqtəsi ola biləcəyini və ordunun mühasirəyə alınmasının Rusiya üçün qələbə olacağını bildirirlər.

3