Almaniyada Kremlin mənzil-kommunal təsərrüfatı üzrə əsas məsləhətçisi Qrant Aqasyanın təyyarəsi həbs olunub.
Lent.az xəbər verir ki, ABŞ və Almaniya dəyəri 3 milyon dollar olan “Hawker 800 XP” təyyarəsinin əslində Putinin yaxın çevrəsindən olan və mediada “Putinin aşbazı” adını almış Yevgeni Priqojinə məxsus olduğunu bildirib.
Haker hücumlarından sonra internetə düşən sənədlərdə Aqasyanın Almaniya İqtisadiyyat Nazirliyinə rəsmi müraciəti də yer alıb. Müraciətdə 35 yaşlı Aqasyan təyyarənin ona qaytarılmasını tələb edir, müraciətə bununla bağlı sənədləri də əlavə edir.
“Hawker 800 XP” təyyarəsi Seyşel Adalarında qeydiyyata alınmış offşor şirkətinə, həmin şirkətini isə Aqasyana məxsus olduğu aydınlaşıb.
Hüquqi informasiya ilə yanaşı, erməni mənşəli iş adamı məktubda Qərbin sanksiya siyasətinə qarşı olduğunu və bununla bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyini yazıb.
Təyyarənin hazırda Almaniya ərazisində qaldığı vurğulanır.
Qalmaqallı təyyarə ilə bağlı məlumatı ABŞ tərəfi hələ 2021-ci ilin sonlarında Almaniya XİN-nə və ölkənin İqtisadiyyat Nazirliyinə ötürmüşdü. 2022-ci ilin yanvarında isə ABŞ tərəfi təyyarənin müsadirə olunması üçün rəsmi müraciət ünvanlayıb. Hava gəmisinin hələ 2020-ci ildən aeroportda qaldığı bildirilir.
Yevgeni Priqojin məsələyə münasibət bildirərək təyyarənin ona məxsus olmadığını, bu iddianı ortaya atmaqla Qərbin təyyarəni mülkiyyətində olan iş adamından almaq istədiyini qeyd edir.
Almaniya İqtisadiyyat Nazirliyi isə məsələyə ilə bağlı konkret sübutlar olmadığı üçün gözləmə mövqeyi tutub.
Yevgeni Priqojin 2016-cı ildən Qərbin sanksiya siyahısında yer alıb. Qrant Aqasyan isə hələlik Qərbin sanksiya siyahısına daxil edilməyib.
Xatırladaq ki, 1987-ci ildə İrəvanda doğulan Aqasyan 28 yaşında Moskva fond birjasına “Şəhər İnnovasita Texnologiyaları” ASC-ni təqdim etmişdi. Holdinq kommunal sahə ilə yanaşı, tikinti, maliyyə və İT texnologiyaları sahəsində də fəaliyyət göstərir.
Kremlə yaxınlığı ilə tanınan Qrant Aqasyan 2014-cü ildə Krımın Rusiyaya ilhaqından sonra bölgədə mənzil-təsərrüfat sahəsində islahatlar üçün Moskva tərəfindən yarımadaya göndərilmişdi.
Bundan başqa, o, Putinin doğma şəhəri sayılan Sankt-Peterburqda kommunal xidmətlər göstərən ən böyük şirkətlərin sahibi kimi tanınır.
Azərbaycan oxucusu üçün Aqasyanı maraqlı edən məqam onun 2020-ci ilin 22 oktyabrında Vətən Müharibəsinin gedişi zamanı etdiyi videomüraciəti idi. Cəbhədə Ermənistan Ordusunun darmadağın olunduğu məqamda Aqasyan erməni biznesmenlərin Qarabağı Azərbaycan pulla almağa hazır olduğunu söyləmişdi.
“Biz, dünyanın fərqli guşələrindən olan erməni biznesmenlər bu müharibənin birdəfəlik başa çatması üçün saziş imzalamğı təklif edirik. Biz torpağın qiymətini dəyərləndirərək azərbaycanlı həmkarlarımızdan iddialarında əl çəkməkləri üçün ödəniş etməyə hazırıq”.
Aqasyan Qarabağ torpağının bazar qiymətinə uyğun dəyərləndirilərək yekun məbləğin formalaşacağını söyləyirdi.
Azərbaycan üçün müqəddəs olan Qarabağ torpağını biznes obyekti kimi pulla ölçən Aqasyanın həmin təklifi o zaman istər Azərbaycan, istərsə də xarici mediada gülüş hədəfinə çevrilmişdi.