Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

DÜNYA
09:30 / 22.03.2022
1069
Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ məlumat yayıb.
 
Hit.az xəbər verir ki, məlumata görə, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.
 
“Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib. Həmçinin Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub. Son sutkada rus təyyarələrinin daha fəal hərəkəti müşahidə olunur”, - rəsmi məlumatda vurğulanıb.
 
Müdafiə Nazirliyindən qeyd olunub ki, Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı o qədər də yaxşı deyil: “Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır”.
0