Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə sülh müqaviləsinin bağlanması üzrə danışıqları dayandırdığını açıqlayıb.
HİT.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.
"Rusiya tərəfi hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyil. Bu qərar ikitərəfli münasibətlərə dair fundamental sənədin qeyri-dost mövqe tutan dövlətlə müzakirəsinin mümkünsüzlüyünə görə verilib", - XİN-in bəyanatında deyilir.
Bundan əvvəl Yaponiya hökuməti Rusiyadan olan 17 şəxsə qarşı şəxsi sanksiyalar tətbiq edib. O cümlədən, sanksiya siyahısında Kommunist Partiyasının lideri Gennadi Zyuqanov da daxil olmaqla, Dövlət Dumasının 11 deputatın adı var.
Bundan əvvəl Yaponiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, Rusiyanın xarici işlər naziri Sergey Lavrova və 49 rus şirkətinə məhdudiyyətlər qoyub. Yaponiyanın baş naziri Fumio Kişida daha əvvəl Rusiya Mərkəzi Bankına qarşı Tokio sanksiyalarının tətbiq edildiyini açıqlamışdı.
Xatırladaq ki, 2-ci Dünya Müharibəsinin yekunları ilə bağlı Rusiya və Yaponiya arasında hələ də sülh müqaviləsi bağlanmayıb. Buna səbəb odur ki, Yaponiya həmin müharibədə itirdiyi Kuril adalarının geri qaytarılmasını istəyir. Bununla belə 1991 və 1999-cu illər müqaviləsinə əsasən, Yaponiya vətəndaşları üçün Kuril adalarında yerləşəm öz dədə-baba yurdlarını ziyarət etmək üçün viza rejimi ləğv edilmişdi. Son hadisələrdən sonra Kreml bu rejimin də qüvvədən salınacağını bildirib.