Rusiyalı milyarder Roman Abramoviç Ukrayna prezidenti Vladimir Zelenskinin tələbi ilə ABŞ-ın sanksiyalarına məruz qalmayıb.
Lent.az bildirir ki, bu barədə öz mənbələrinə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb. ABŞ Maliyyə Nazirliyi martın əvvəlində Abramoviçə qarşı sanksiyalar hazırlayıb. Onlar Avropa İttifaqı və Böyük Britaniyanın oliqarxa qarşı qoyduğu məhdudiyyətləri tamamlamalı idi.
Lakin Milli Təhlükəsizlik Şurası sanksiyaların təxirə salınmasını istəyib. Bu, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra edilib. Məlumata görə, Ukrayna prezidenti Baydenə izah edib ki, Abramoviç fevralın 24-dən onun ölkəsi ərazisində xüsusi əməliyyat keçirən Rusiya ilə danışıqlarda mühüm vasitəçi ola bilər.
Təhlükəsizlik Şurasının sözçüsü nəşrə bildirib ki, o, Amerika prezidentinin telefon danışıqlarının təfərrüatlarını açıqlamayacaq. Maliyyə Nazirliyi müvafiq sorğuya cavab verməyib. Britaniya Abramoviçin aktivlərini dondurub, ölkənin fiziki və hüquqi şəxslərinə onunla hər hansı əməliyyat aparmağı qadağan edib. Avropa İttifaqı da oliqarxa qarşı sanksiyalar tətbiq edib.