“İstəsəm, Kiyevi iki günə tutaram” - Putin Ukrayna Prezidentini 2014-cü ildə də hədələyibmiş...

DÜNYA
23:20 / 28.03.2022
2296

Rusiya Prezidenti Vladimir Putin 2014-cü ildə Donbassda gedən müharibə zamanı Ukrayna Prezidenti Petro Poroşenkonu “İstəsəm, Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik Putin iki günə nəinki Kiyevi, beş Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

HİT.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Həmin beş Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi.

“Əgər istəsəm, Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsu, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, - Putin Poroşenkonu hədələyib.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı, hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi.

Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb.

O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə, Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək.

“Əgər biz Ukraynaya dəstək verməsək, bu müharibə Ukrayna ilə bitməyəcək”, - o bildirib.

1