Moskva rəhbərliyi Kiyevə təklif etdiyi bəzi şərtləri geri götürüb.
HİT.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Rusiya danışıqlarda Ukraynanın "nasistlərdən təmizlənməsi" (Denasifikasiya) tələbindən əl çəkib və hərbi ittifaqa girməyəcəyi təqdirdə onun Avropa İttifaqına (Aİ) üzv olmasına mane olmayacaq.
Xəbərdə Ukraynanın təhlükəsizlik zəmanəti alması və Aİ-yə daxil olması müqabilində NATO üzvlüyündən imtina etməsinin gözlənildiyi bildirilib. Rusiyanın əsas tələblərindən olan Rusiyanın üç əsas tələbi - "nasist ideologiyasının aradan qaldırılması2" "demilitarizasiya" və "Ukraynada rusların hüquqi müdafiəsi"nin atəşkəs sənədində yer almadığı iddia edilib.
Həmçinin bildirilib ki, Ukrayna və Qərb dövlətləri Rusiya prezidenti Vladimir Putinin quruda tükənmiş qoşunlarını gücləndirmək və yeni hücum planı hazırlamaq üçün danışıqlardan "pərdələmə taktikası" kimi istifadə edə biləcəyindən ehtiyat edərək, şərtlərə şübhə ilə yanaşırlar.
Ukrayna danışıqları qrupunun üzvü David Arakhamia bildirib ki, tərəflər təhlükəsizlik zəmanətləri və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılaşmaya yaxındırlar, lakin böyük irəliləyiş ehtimalı ilə bağlı ehtiyatlı olmaq lazımdır: "Danışıqlar başlayandan bəri bütün məsələlər müzakirə olunub. Lakin hər bir bənddə olduğu kimi, hələ də həll olunmamış məqamlar var".
Qəzetin yazdığına görə, razılaşmaya əsasən, Ukrayna NATO-ya üzvlük cəhdindən əl çəkməklə yanaşı, nüvə silahı istehsal etməyəcək və xarici hərbi bazalara ev sahibliyi etməyəcək. Bunun müqabilində Ukrayna Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Çin, İtaliya, Polşa, İsrail və Türkiyə kimi ölkələrdən təhlükəsizlik zəmanəti alacaq. //unikal