Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postunda ölkəsinin ərzaq təhlükəsizliyini hansı prinsiplər əsasında qurduğunu sadalayıb.
HİT.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedev xarici ticarətdə milli valyutalardan istifadəyə hazır olduğunu qeyd edib: "Biz ərzaq və kənd təsərrüfatı məhsullarını yalnız dostlarımıza tədarük edəcəyik. Biz həm rublla, həm də razılaşdırılmış nisbətdə onların milli valyutasına satacağıq”.
O, xatırladıb ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracının həcmi silah ixracını üstələyir və ötən il 37 milyard dollardan çox olub:
"Rusiya dost olmayan ölkələrlə ərzaq ticarəti etməyəcək və 2014-cü ildə təsdiq edilmiş idxalı qadağan olunmuş məhsulların siyahısı genişlənə bilər”.
Qeyd edək ki, martın əvvəlində Qərbin yeni sanksiyalarına cavab olaraq Rusiya hökuməti qeyri-dost dövlətlərin siyahısını genişləndirib. İndi siyahıda 48 ölkənin adı var. //sfera.az