"Vladimir Putinin əsl məqsədi Qərb hərbi ittifaqını məhv etmək üçün "Şərqi Avropaya tam nəzarəti ələ keçirməkdir”.
Qaynarinfo CNN telekanalına istinadən xəbər verir ki, bu xəbərdarlıqla NATO-nun Avropadakı müttəfiqlərinin keçmiş komandanı, ehtiyatda olan general Uesli Klark çıxış edib.
Generalın sözlərinə görə, Rusiya lideri Ukraynanı və Baltikyanı ölkələri istəyir: "Şərqi Avropaya tam nəzarət etmək istəyir. NATO-nu məhv etmək istəyir".
Klarkın fikrincə, Ukrayna Putinə Qərbi "emosional və mənəvi cəhətdən tərksilah" etmək üçün lazımdır. O, həmçinin ABŞ və onun NATO müttəfiqlərini Ukraynaya hərbi yardımı artırmağa, o cümlədən döyüş təyyarələri verməyə çağırıb:
"Ukrayna sadəcə hazırkı döyüş meydanıdır. Amma ukraynalılar bu döyüş meydanında Rusiyanı məğlub etsələr, hər şey dəyişəcək. Ona görə də müdafiənin və beynəlxalq sistemi qorumağın ən yaxşı yolu Ukraynaya döyüş meydanında Rusiya ilə mübarizə aparmağa kömək etmək üçün lazım olan yardımı verməkdir”.
Klark qeyd edib ki, Birləşmiş Ştatlar "döyüşməyə hazır olmayan ölkələrə” daim kömək edib. Eyni zamanda ukraynalı müdafiəçilərin bacarıq və təhsili heç bir halda Amerika ordusundan aşağı deyil.
"Onlar da bizim qədər texniki cəhətdən yaxşıdırlar. Biz müasir silahlarımızı veririk və onlar 24 saat ərzində hamısından istifadə edə bilərlər", deyə NATO-nun keçmiş komandanı bildirib.
General deyir ki, növbəti dəfə rus qoşunları Dneperi tutmağa çalışacaq. Beləliklə, Putinin qoşunları Donbasda ORDLO yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin qarşısını kəsə biləcək. Belə bir hücumu dəf etmək üçün ağır hərbi texnika lazımdır - ABŞ-ın təmin etdiyindən qat-qat artıq.
Uesli Klark
"Ciritlər deyil, Stinqerlər deyil - onlar şəhərləri qorumaq üçün uyğundurlar. Onlara tanklar, mobil artilleriya lazımdır, çoxlu döyüş sursatı, yanacaq lazımdır. Bizdə bunların hamısı yoxdur", deyə Klark qeyd edib.
Klark vurğulayıb ki, bütün bunları Şərqi Avropadakı NATO müttəfiqləri təmin edə bilər.
ARAYIŞ: 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.