"Ukrayna hər zaman döyüşməyə və paralel olaraq Rusiya ilə dialoq aparmağa hazır olduğunu bildirib".
HİT.Az Unian-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyanın federal kansleri Karl Neqammerlə görüşün yekunlarına dair brifinqdə deyib.
"Eyni zamanda, təəssüf ki, biz dövlətimizin şərqində mühüm, necə deyərlər, həlledici döyüşə hazırlıq görürük. Bunu söyləmək mənim üçün çətindir və proqnozlarla bağlı məsuliyyəti öz üzərimə götürmək istəmirəm. Dövlətimizin müdafiəsi və daim nümayiş etdirdiyimiz mübarizə üçün məsuliyyəti öz üzərimə götürə bilərəm”, deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, paralel olaraq Ukraynanın şərqində və cənubunda Rusiya qoşunlarının toplanması davam edir:
"Düşmən ərazilərimizin daha bir hissəsini işğal etməyə hazırlaşan çoxlu sayda canlı qüvvə, texnika və silahlı şəxsləri cəmləşdirir. Çətin döyüş olacaq, mübarizəmizə inanırıq, qələbəmizə inanırıq. Ona görə də döyüşməyə hazırıq və eyni zamanda bu müharibəni dayandıra biləcək diplomatiyada müəyyən yollar axtarmağa hazırıq".
Zelenski Rusiya ordusunun gələcək hərəkətlərindən hücum istiqamətlərindən də danışıb:
"Müxtəlif departamentlərin məlumatına görə, düşmən Xarkov, Donbas və ölkənin cənubuna hücum planlaşdırır.Hər şey bizim nə qədər güclü olmağımızdan, silahların tədarükü üzrə tərəfdaşlarımızın nə qədər sürətli olmasından, Rusiya lideri və ya rəhbərinin daha da irəli getməyə nə dərəcədə hazır olmasından asılıdır. Çox səbəblər var. Amma əsas yük silahlı qüvvələrimizin üzərinə düşür. Əsas odur ki, biz ərazilərimizin müdafiəsinə hazır olar".
Qeyd edək ki, aprelin 8-də Ukrayna qoşunları Donbassda Rusiyanın 7 hücumunu dəf edib, 9 tank və 12 texnikanı məhv edib. Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko hesab edir ki, Rusiya ikinci dəfə Kiyevə hücuma cəhd edə bilər. Onun fikrincə, növbəti hədəf kimi Odessaya hücumu da istisna etmək olmaz.
Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç isə bildirib ki, yaxın iki həftə ərzində Donbassda ağır döyüşlər olacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.