Le Penin zəfəri Avropa İttifaqına necə təsir edəcək? - Mümkün ssenarilər

DÜNYA
18:20 / 17.04.2022
2400
Güven Özalp
Köşə yazarı
 
Fransanın yeni prezidentinin kimiliyini müəyyənləşdirəcək 24 aprel seçkilərində Marin Le Penin qalib gəlmək ehtimalı Avropa İttifaqını (Aİ) və NATO-nu narahat edir. Le Penin mümkün qələbəsi Aİ-ni iflic edə, Avropa layihəsini təməldən sarsıda, bütün tarazlıqları poza bilər. Hətta onun qələbəsi "Brexit"dən (Böyük Britaniyanın Aİ-ni tərk etməsi-red.) daha təhlükəli hesab olunur...
 
24 apreldə keçiriləcək ikinci tur seçimlərində Fransanın hazırkı prezidenti Emmanuel Makronla radikal sağçı Marin Le Pen mübarizə aparacaq. Sonuncu Aİ-dən çıxmaq niyyətininin olmadığını açıqlasa da, seçki platformasındakı müddəaların əksəriyyətinin Aİ qaydalarına zidd olması uzunmüddətli perspektivdə adı hələ qoyulmayan "Frexit"ə (Fransa Aİ-də çıxması-red.) yol aça bilər.
 
Le Pen qalib gəlsə və verdiyi vədləri yerinə yetirmək üçün addımlar atsa, Aİ-nin fəaliyyəti iflic ola və tarixi böhranla üzləşə bilər. İndiyədək anketlərdə lider ola bilməyən Le Penin prezidentliyi təkcə Aİ üçün deyil, həm də NATO və Türkiyənin Aİ prosesi üçün ciddi risk yaradır. 
 
Beləliklə, Le Pen seçiləcəyi təqdirdə, Aİ cəbhəsində mümkün ssenarilər bunlardır:
 
 
Aİ iflic olar...
 
Le Pen, ölkəsinin Aİ sərhədlərinə yenidən nəzarətini bərpa etmək, Fransanın İttifaq büdcəsinə ödəmələrini azaltmaq, Aİ qanunlarının üstünlüyünə son qoymaq, məşğulluq və yaşayış səviyyəsində Fransa vətəndaşlarına üstünlük vermək, miqrasiyanı dayandırmaq üçün "Şengen"i yenidən müzakirə etmək istəyir. Bütün bunlar İttifaqın mövcud qanunlarına ziddir. Le Pen öz platformasını həyata keçirə bilsə, bu qurum daxilində böhranı qaçılmaz edəcək.
 
 
"Troya atı" cəbhəsi
 
"Avropa İttifaqını daxildən islahatlara aparmağı" qarşısına məqsəd qoyan Le Pen hakimiyyətə gəlsə, Brüssellə "partizan müharibəsi” aparacağı təxmin edilir. Bu siyasət illərdir Polşa və Macarıstan tərəfindən aparılır. Parisin hazırkı xəttindən çıxması Fransanın "ağırlığı" səbəbindən digər iki ölkə ilə müqayisədə daha çox mənfi nəticələrə səbəb ola bilər. Aİ daxilində "Troya atı cəbhəsi"nin genişlənməsi də mümkün nəticələr arasındadır.
 
 
Berlin-Paris xətti
 
Almaniya ilə Fransa arasında illərdir davam edən və Aİ-nin istiqamətini müəyyənləşdirən yaxınlığın Le Penin hakimiyyəti dövründə davam etməsi ehtimalı azdır. Radikal sağçı olan siyasətçi hesab edir ki, iki ölkənin əslində çox dərin strateji fərqləri var. Le Pen artıq həftə ərzində keçirdiyi mətbuat konfransında Almaniya ilə münasibətləri indiki çərçivədən çıxaracağına dair ilk siqnalları verib.
 
 
ABŞ, ÇİN və Rusiya ilə münasibətlər
 
Demək olar ki, Aİ və NATO son zamanlar Rusiya və Çinə qarşı əvvəlkindən daha qətiyyətli, ortaq bir xətt yürüdürlər. Le Penin ABŞ və Rusiya ilə bərabər məsafə saxlamaq istəyi, Moskva ilə strateji yaxınlaşma və Çinlə bərabərhüquqlu münasibətlər Aİ-nin siyasətini poza bilər.
 
 
De Qoll modeli
 
Le Penin məqsədlərindən biri də ölkəsini NATO-nun hərbi komandanlıq strukturundan çıxarmaqdır. Bu addım atılarsa, Fransa ümumi müdafiə prinsipindən faydalanmağa davam edəcək, lakin NATO komandanlığı altında olan ümumi hovuza qoşun və texnika təqdim etməyəcək. NATO-nun üçüncü böyük ordusuna və nüvə gücünə malik olan Fransanın geri çəkilməsi Alyans üçün ciddi imic problemi yaradar. Le Penin Rusiya lideri Vladimir Putinə heyranlıq səviyyəsi NATO-da Moskva ilə bağlı qərar proseslərinə də təsir edə bilər. 
 
Qeyd edək ki, Fransa 1966-cı ildə general Şarl De Qollun prezidentliyi dövründə hərbi qanaddan çəkilib və 2009-cu ildə geri qayıdıb.
 
 
Türkiyənin üzvlük prosesi
 
Le Penin Türkiyəyə baxışı əvvəldən mənfi olub. Hətta demək olar ki, son illərdə bunun dozası artıb. Türkiyənin etibarlı tərəfdaş olmadığını düşünən Le Pen Ankaraya maliyyə yardımının kəsilməsinin və Aİ-yə üzvlük prosesinin dərhal dayandırılmasının tərəfdarıdır. Fransada mümkün Le Pen hökumətinin Türkiyənin üzvlük prosesinə indiyə qədər olduğundan daha ciddi zərbə vurma ehtimalı çox yüksəkdir.
 
 
Vəba ilə kolera arasında seçim...
 
Prezidentin müəyyən edilməsi üçün aprelin 24-də keçiriləcək seçkilərin ikinci turunda əsas fiqur ultra solçu Jan-Lyuk Melenşonun "France Indomitable” partiyasının seçiciləridir. Melenşon ikinci turda radikal sağçı Marin Le Penə səs verməməyi məsləhət görsə də, birbaşa hazırkı prezident Emmanuel Makrona səs verməyi təklif etməyib. Melenşonun birinci turu 21,9 faizlə üçüncü yerdə tamamlamasında 18-24 yaş arası gənclərin təsiri olub. Bu seçici qrupu indiki mərhələdə öz istiqamətini müəyyən etməkdə çətinlik çəkir. "Politico" saytının həftə ərzində dərc etdiyi "Bu, vəba ilə kolera (xəstəlik) arasında seçim etmək kimidir” şərhi Melenşonu dəstəkləyən gənclərin vəziyyətini xarakterizə edir. İlk turda 18-24 yaş qrupu arasında Melenşon 31 faiz, Le Pen 26 faiz, Makron isə 20 faiz səs toplayıb.
 
Mənbə: "Hürriyət"
 
Tərcümə: Qaynarinfo.az
5