Kabayeva, Putinin qızları, Navka və başqaları - Sanksiyalardan yayınan rusiyalılar

DÜNYA
15:53 / 19.04.2022
2283

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 900-ə yaxın şəxs Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Lakin hələ də Ukraynaya qarşı müharibənin katalizatorlarından hesab olunan siyasətçilər, Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafına daxil olan iş adamları və "putinizm”in digər benefisiarların adı sanksiyalar siyahısına daxil edilməyib.

Qaynarinfo xəbər verir ki, "The İnsider” həmin şəxslərin siyahısını dərc edib.

Sanksiyalardan kənarda qalan şəxslərdən biri məşhur gimnast Alina Kabayevadır. O, Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslərdən hesab edilir. Bundan əlavə Kabayeva "Pervıy kanal”, REN TV və digər KİV-lərdə pay sahibi olan Yuri Kovalçuka məxsus "Milli Media Qrupu”nun Direktorlar Şurasının rəhbəridir. O, bu işə görə ildə yüz milyonlarla pul alır. 

Kabayeva hələlik sanksiyalar siyahısına daxil ediməsə də, İtaliya hökuməti Putinin super yaxtalarından biri və yəqin ki, Alinanın istifadəsində olan 140 metrlik "Şəhrizad”ın üzərinə həbs qoyacaq. Yeri gəlmişkən, Rusiya KİV-i hələ 2000-ci illərin əvvəllərindən Kabayevanı "Şəhrizad" adlandırmağa başlayıb. 

Alina Kabayeva
 
Vladimir Putinin qızları da sanskisyalardan kənarda qalıb. Baxmayaraq ki, sanksiyalara məruz qalan əksər şəxslərin ailə üzlərinin adları da "qara siyahı”ya salınıb. 

"The İnsider" yazır ki, Putinin qızları NATO ölkələrinə, o cümlədən Ukraynaya səyahət etməyi sevir. Məsələn, prezidentin böyük qızı Mariya Vorontsova sonuncu dəfə 27 noyabr 2021-ci ildə Milana uçub. Ən azı dörd dəfə Münhenə, yeddi dəfə Amsterdama, bundan başqa Neapola, Vyanaya, Berlinə, Afinaya, Parisə və Romaya səfər edib. Mariya Vorontsova atasının Ukrayna ilə bağlı siyasətini dəstəkləyir.

Mariya Vorontsova
 
Putinin kiçik qızı Katerina Tixonova isə 2015-2019-cu illər arasında azı 21 dəfə Münhenə uçub. O, həmçinin dörd dəfə Sürixə, üç dəfə Milana, Vyanaya, Ştutqarta, Helsinkiyə, Brüsselə, Vyanaya, Romaya, Zaqrebə, Kopenhagenə, Lyublyanaya, Nitsaya və Londona səfər edib. 
 
Katerina Tixonova 
 
Putinin qızları bəzən birlikdə səyahət etməyi xoşlayırlar. Məsələn, 2020-ci ildə Mariya və Katerina Yeni İl gecəsini Amsterdamda birgə qarşılayıblar. 
 
Səyahət zamanı onlar biznes-jetlərdən istifadə edirlər. Üç il əvvəl Vorontsova bort nömrəsi D-AVAN olan "Embraer Legacy 600” təyyarəsi ilə Finlandiyanın Rovaniemi şəhərinə səfər edib.
 
Bu təyyarə icarəyə verilir. İndiki vaxtda belə bir gediş-gəliş Putinin qızına 33 min avroya başa gələcək. Bu məbləğ Vorontsovanın rəsmi gəliri ilə uzlaşmır.
 

 
Rusiya Dövlət Dumasının demək olar ki, bütün deputatları sanksiyaya məruz qalsa da, məşhur kosmonavt, parlamentari Valentina Tereşkovanın adı siyahıya salınmayıb. Halbuki Tereşkova Putinin prezidentlik müddətini "sıfırlamağı” şərtləndirən mürtəce konstitusiya layihəsinin əsas ictimai lobbiçilərindən biridir. Bundan başqa, Tereşkova Ukraynanın işğalının əsas müdafiəçilərindədir. O, 2014-cü il fevralın sonunda Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı "referendum"un keçirilməsini müzakirə etmək üçün yarımadaya gəlmişdi. Saha sonra isə bu ilhaqın lehinə səs vermişdi.
 
Ukraynadakı müharibə ilə bağlı isə səsvermə günü o, iclasda görünməyib. Bu fakt Tereşkovanın sanksiyalara məruz qalmamasının formal səbəbi hesab edilə bilər. 
 
Valentina Tereşkova
 
Aleksey Navalnının komandasının araşdırmasına görə, İtaliyanın Berqamo şəhərində Tereşkovanın qızı və kürəkəninin adına mənzil rəsmiləşdirilib. Berqamoda daşınmaz əmlak 250 min avro məbləğində qiymətləndirilir.
 
Deputatın qızı Yelena Rusiyada dərman biznesi ilə məşğuldur. Onun şirkəti artıq dövlət təchizatçısına çevrilib. Yelenanın həyat yoldaşı Andrey Rodionov isə qaynanasının formal köməkçisidir. Yəni, onun adı Dövlət Dumasında Tereşkovanın köməkçisi kimi qeydə alınıb. 
 
 
Putinin yaxın çevrəsinə daxil olan şəxslərdən biri də Tatyana Navkadır. O, Prezidentin mətbuat katibi Dmitri Pekovun xanımıdır. Navka 2012 və 2018-ci illərdə keçirilən prezident seçkilərində Putinin etibarlı şəxsləri arasında olub. Tatyana idman karyerasını başa vurduqdan sonra buz şouları təşkil etməklə məşğuldur. O, bunun üçün hökumətdən iri məbləğdə subsidiyalar alır. 
 
Tatyana Navka
 
Putinin etibarlı adamları arasında Ukraynanın işğalını açıq şəkildə dəstəkləyən bir çox tanınmış ruslar var. Bu sırada aktyorlar Sergey Bezrukov, Mixail Boyarski, şahmatçı Sergey Karyakin və İtaliyada daşınmaz əmlak sahibi olan musiqiçi Oleq Qazmanovun adını çəkmək olar. 
 
Sergey Karyakin
 
Putinə yaxın bəzi oliqarxlar da sanksiyalardan yayına biliblər. Onlardan biri "Fosaqro” şirkətinin sahibi olan Vladimir Litvinenkodur. 2020-ci ildə onun sərvəti 1,5 milyard dollar məbləğində qiymətləndirilirdi. 
 
Qızlarının dediyinə görə, Putin üçün namizədlik dissertasiyasını yazan məhz Litvinenko olub. O həm də Elmi Şuraya rəhbərlik etdiyi üçün Putin "namizədlik dissertasiyası”nın müdafiəsində çətinlik çəkməyib.
 
"Norilks Nikel” şirkətinin sahibi Vladimir Potanin də sanksiyalardan kənarda qalıb. Putin hakimiyyətə gələndən sonra Potanin hakim "Vahid Rusiya” Partiyasının sponsorlarından və rəsmi tərəfdarlarından birinə çevrilib. 
 
 
Rusiya Müdafiə nazirinin müavini olan Aleksey Krivoruçkonun keçmiş tərəfdaşları İsgəndər Mahmudov və Andrey Bokarev də sanksiyalardan yayınıblar. 
 
2017-ci ilə qədər Bokarev və Mahmudov Kalaşnikov konserninin səhmdarları idilər. 2014-cü ildə Ukraynada müharibə başlayandan və ondan sonrakı dövrlərdə Mahmudov və Bokarev dövlət sifarişlərinin əsas alıcılarına çevrilib. Onlar Putinin pul kisələrindən biri Arkadi Rotenberqi sıxışdırıb, digərinin - Gennadi Timçenkonun isə aktivlərini ələ keçiriblər.
 
Putinə yaxın daha bir oliqarx - Leonid Mixelsonun da adı sanksiyalar siyahısında yoxdur. O, Putinin yuxarıda adıçəkilən dostu Gennadi Timçenkonun və Dövlət Dumasının "Vahid Rusiya”dan olan deputatı Leonid Simanovskinin ortağıdır. Putinin keçmiş kürəkəni Kirill Şamalov toydan sonra Mixelsonun sahibi olduğu "Sibur” kompaniyasının səhmlərinin 3,8 faizini cəmi 100 dollara almışdı. Halbuki bu səhmlərin real dəyəri 380 milyon dollar təşkil edirdi. Bir neçə il sonra isə Şamalov həmin səhmləri Mixelsona satmışdı. 
 
"Kiyev meydanı” kompaniyasının sahibi Qod Nisanov da sanksiyalara məruz qalmayıb. Nisanovun Rusiya Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkinlə sıx əlaqələri var. Narışkinlər ailəsi oliqarxın əmlakından istifadə edir. 
 
Dövlət Dumasının "Vahid Rusiya”dan olan deputatı Dmitri Sablin "Anti Maydan” hərəkatının banisi kimi tanınır. "Anti Maydan” Ukraynanın işğalını dəstəkləyən ultra-millətçi təşkilatdır. "Anti Maydan”ın fəalları vaxtaşırı müxalifətçilərə qarşı cinayət işinin başlanmasının təşəbbüskarı kimi çıxış edirlər. 
 
 
Sablin həm də dövlət büdcəsindən milyonlarla dollar qrant alan "Döyüş Qardaşlığı” təşkilatının rəhbərliyində təmsil olunur. Bu təşkilatın üzvləri Donbassda hərbi əməliyyatlara cəlb olunublar.
 
Dövlət Dumasının ən zəngin deputatlarından biri olan Dmitri Sablin həyat yoldaşı ilə birlikdə "Rota” şirkətlər qrupunun sahibidir. Onların maraqları kənd təsərrüfatı, tikinti və xidmət sektorunda (restoranlar, otellər, gözəllik salonları) cəmləşib. 
 
Sablinlərin biznesi əsasən hakimiyyətin xoş niyyətindən asılıdır. Onun firmaları yetimlər üçün nəzərdə tutulan mənzilləri baha qiymətə satmaqla dövlət satınalmalarından da qazanc əldə edir.
 
Sablin "DNR” və "LNR”nin müstəqilliyinin tanınması ilə bağlı Putinə müraciət üçün keçirilən səsvermədə iştirak etməyib və bununla da sanksiya siyahısına düşməkdən yayınıb. Həmin gün, fevralın 15-də o, ümumiyyətlə parlamentdə olmayıb. Fevralın 22-də isə Dövlət Duması "respublikalar”la müqaviləni ratifikasiya edəndə də işə gəlməyib.
 
Eynilə, "Vahid Rusiya” Partiyasından olan başqa bir zəngin deputat - Zəlimxan Mutsoev də səsvermədən yayınıb. Mutsoevin qardaşı Britaniya vətədaşıdır. Deputat biznesinin əsas hissəsini Dövlət Dumasında maraqlarını qoruyan qardaşının adına keçirib.
2