Dünya bu xəbərlə çalxalandı: Ukraynaya "Moskva"nın koordinatlarını hansı ölkənin ötürdüyü bilindi

DÜNYA
16:46 / 20.04.2022
1427

Ukraynanın Rusiyanın Qara dəniz donanmasının flaqmanı "Moskva”ya hücumu barədə yeni iddia səsləndirilib.

HİT.az bildirir ki, İngilis mətbuatı "Rusiyaya ən böyük zərbə” olaraq xarakterizə edilən əməliyyatın təfərrüatlarını əldə edib. 

"The Times” qəzetində yer alan xəbərə görə, düşmən elementlərini aşkar etmək üçün ABŞ-ın ən son texnologiya ilə təchiz edilmiş P-8 "Poseidon” müşahidə təyyarəsi hücum zamanı ərazidə olub. Ukraynanın təşkil etdiyi hücumda 160 kilometr uzaqlıqdakı düşmən gəmilərini təsbit edə bilən P-8 "Poseidon”un kritik kəşfiyyat məlumatı verdiyi iddia edilsə də, hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Qəzetin məlumatına görə, sözügedən təyyarə İtaliyadan havaya qalxıb və Rusiyanın Qara dəniz donanmasının mövqeyini müəyyənləşdirməzdən əvvəl Rumıniyadakı bazada yerləşdirilib. Rumıniyadan havaya qalxan təyyarənin radar diapazonunun "Moskva”nın yerini müəyyən etməyə imkan verdiyi vurğulanıb.

Xatırladaq ki, "Moskva" kreyseri Sovet İttifaqı dövründə ölkənin cənubunda, hələ də Ukraynaya məxsus olan və işğaldan sonra rus qoşunları tərəfindən tez-tez bombardman edilən Nikolayv şəhərində inşa edilib. 186 metr uzunluğundakı gəmi 1979-cu ildə suya buraxılıb, onun ilk adı "Slava” idi. Sonradan "Moskva” adlandırılan gəmi 2000-ci ildə Qara dəniz donanmasının mərkəzinə çevrilib, 2020-ci ildə təmir olunub. //sfera.az

0