Rusiyanı çökdürmək PLANI işə düşdü - Müharibə hələ indi başlayır

10:59 / 29.04.2022
1641

Rusiya-Ukrayna müharibəsi qəfil başlamadığı kimi, bu savaşın çox asanlıqla sona çatacağı da gözlənilmir. Nəzərə alsaq ki, bu qanlı döyüşlər artıq sürətlə trayektoriyasını dəyişir, qüvvələr nisbətində artıq nəzərəçarpacaq üstünlük gözə dəymir, bu, onu deməyə əsas verir ki, artıq heç Ukrayna da müharibənin bu yerdə dayanmasında maraqlı deyil. 

Müharibənin ilk günlərindən Rusiyanı sanksiyalarla dalana dirəməyi qarşılarına məqsəd qoyan Qərb, artıq iqtisadi və siyasi sanksiyaları fiziki müdaxilələrlə əvəz etməyə başlayıb. Qanlı döyüşlərin ilk günlərindən fərqli olaraq indi Ukraynaya dəstək verən qüvvələr bunu daha açıq şəkildə etməyə başlayıblar.

Daha konkret desək Qərb və ABŞ Ukraynanı indi daha çox silahlandırmağa başlayıb. Bu isə defakto həmin dairələrin artıq özlərinin müharibədə iştiraka qatılması deməkdir. 

Bəs bunu müharibənin ilk vaxtlarında niyə etmirdilər?

Çünki ABŞ da, Qərb də düşünürdü ki, Ukraynanın Moskvanın planlaşdırdığı kimi Rusiyaya 3-5 günlük müqavimət göstərməyə gücü yetəcək. Bunun üçün heç Kiyevə hərbi dəstəyin bir mənası olmaz, bunun üçün Ruisyanı qarşılarına almağa dəyməz. Amma hər ötən gün göstərdi ki, Ukrayna ordusu çox yaxşı döyüşməyi bacarır, qüvvələr nisbətində ruslardan geri qalsalar da, hətta bir çox komponentlərdə Rusiya hərbçilərindən bir baş üstün olduqlarını göstərdilər.

Tətbiq edilən sanksiyalar fonunda işi daha da müşgülə düşən Rusiyanın planları baş tutmayınca Ukraynada özgüvən, rus hərbiçilərinin zəbt etdiyi ərazilərin geri qaytarılması, minlərlə dinc əhalinin qisasının alınması hirsi, aqressiyası bu xalqı savaşa daha çox çəkməyə başladı ki, Qərb də bu nüansı sezərək öz məqsədi naminə istifadə üçün bu situasiyanı çox münasib hesab etməyə başladı. Ukraynaya silah, hərbi texnika sarıdan yardım olacağı təqdirdə bu xalqın itirdiklərini geri alana, qisas alana kimi döyüşəcəyinə artıq əmin olan Qərb anladı ki, Rusiyanı çökdürmək üçün bundan yaxşı fürsət bir də ələ düşməz, bu səbəbdən də milyardlarla dəyərində hərbi texnikanın ağzını Ukraynaya döndərmək qərarına gəlib.

Son günlər istər ABŞ, istər Böyük Britaniya, istərsə dünyanın digər nəhəng dövlətlərindən Ukraynaya ən son texnologiyalara söykənən hərbi texnikanın göndərildiyini müxtəlif platformalardan açıq-aydın izləyirik. Rusiya ordusu ilə bağlı mifi darmadağın edəndən sonra paytaxt Kiyeva müxtəlif ölkələrin dövlət və hökümət adamlarının səfərləri də səngimək bilmir. Bu, bir daha Qərbin Ruisyanın məğlubiyyətinin qaçılmaz olacağına çox böyük əminliyindən xəbər verir. Çünki iki aydan çoxdur davam edən müharibənin son bir ayına kimi hansısa bir ölkənin rəsmisi bu addımı atmağı bəlkə də həm özü, həm də ölkəsi adına risk hesab edirdi. İndi isə tamamilə əks mənzərtinin şahidiyik.

Heç ABŞ və Qərbin Ukraynanı silahlandırmaqdan əl çəkəcəyi bundan sonra inandırıcı görünmür. O günə kimi ki, Rusiya mövqelərini tərk edəcək. Bunun isə defakto məğlubiyyət anlamına gələcəyini yaxşı bildiyi üçün Moskvanın bu yoldan geri addım atması indiki məqamda real görünmür. Rusiya da yaxşı anlayır ki, oyuna gəldi və Qərb onu məhv etmək üçün Ukrayna amilindən maksimum yararlanmaq niyyətindədir. 

Savaşın ilk vaxtlarında "Ukraynaya silah göndərməyəcəyəm" deyən ABŞ-mı sözünə sadiq çıxdı, yoxsa Rusiyaya qarşı cəbhə almayacağını bildirən Almaniya?

Ştutqart şəhərində ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının bazasında Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarət üçün mərkəzin təşkil edilməsi və bu yaradılan vahid mərkəzdən 40-dan çox ölkədən Ukraynaya çatdırılmaların əlaqələndirilməsi və sürətləndirilməsi prosesinə nəzarət edilməsi artıq Rusiya adına məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Bu, eyni zamanda o deməkdir ki, artıq Rusiyaya qarşı çox böyük bir koalisiya formalaşdırılıb və onun qol-qanadını sındırmaq üçün bütün imkanlarını səfərbər ediblər. 

Bununla bağlı NATO ölkələrinin və Alyansın tərəfdaşlarının 40 müdafiə nazirinin "Ramştayn" aviabazasında baş tutan və Ukraynaya dəstəyin göstərilməsi məsələsi ilə bağlı görüşünü şərh edən Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynaya veriləcək silahların çeşidinin genişləndirildiyi açıqlamasını etməklə əslində, Rusiyaya savaşın yeni başladığı mesajını vermiş oldu.

Düzü, ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Kiyevə səfərindən sonra Ukraynaya hərbi dəstəyi artıracaqlarına söz vermələri Kiyevi silahlandıraraq Rusiya ilə proksi-müharibəyə girmək anlamına gəldiyini bir daha təsdiq edən addımdır. 

Rusiya qarşıya qoyduğu məqsədə nail olmaq üçün bir sıra hədəflərə çatmalıdır. Bəs bu, indiki məqamda nə qədər real görünür?

Kreml hazırda tələyə düşüb, indi tələdən çıxmağın yeganə yolu isə müzakirədir. Lakin ABŞ-ın, Qərbin Ukraynanı son silahlandırması deməyə əsas verir ki, sözügedən mərkəzlər Kiyevin məqsədinə çatana kimi savaşmasının tərəfdarıdır. Bir növ Ukraynaya göndərilən hərbi kolonlarla ABŞ Ukraynaya demək istəyir ki, "sən savaş, biz səni hər cür silhala təmin edəcəyik". Hazırda nə Rusiya, nə də Ukrayna bir-birilərinin tələblərini qəbul edir. Ona görə də fövqəladə bir qərar olmazsa, mövcud şərtlər çərçivəsində müharibənin hələ bir neçə ay davam edəcəyi daha real görünür. 

Nəticə etibarilə ABŞ və Qərb ən böyük rəqibləri Rusiyanı Ukrayna vasitəsilə böyük oyundan kənarlaşdırmağa yaxındır. Belə görünür ki, bu məsələdə Ukrayna artıq Amerikanın planının bir hissəsidir. Təbii ki, bu proses Ağ Evin məqsədinə tam çatacağı zamana kimi davam edəcək. Bu isə o deməkdir ki, ən həlledici müharibə hələ indi başlayır. Milli.az

0