“Ermənistanda daxili siyasi vəziyyət hər gün gərginləşir, xalqın etiraz dalğası artır və məntiqi olaraq hakimiyyət dəyişikliyinə səbəb ola bilər”.
Hit.az Voicepress.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru, Ehtiyatda olan Zabitlər İttifaqının həmtəsisçisi Mikayel Hambardzumyan erməni mətbuatına açıqlamasında söyləyib.
Mikayel Hambardzumyanın sözlərinə görə, ölkədə dalğa gündən-günə böyüyür və tezliklə məntiqi olaraq hakimiyyət dəyişikliyinə səbəb ola bilər.
“Azərbaycan mətbuatının Ermənistanda baş verən hadisələri fəal şəkildə izləməsi və şərh etməsi təbiidir. Onlar öz nəşrlərində erməni müxalifətini “revanşist” kimi təqdim edir, müxtəlif aksiyaların iştirakçılarının sayını, bu aksiyaların təsirini və əhəmiyyətini xeyli azaldır, təşkilatçıları tənqid edir və ələ salırlar, qeyd edirlər ki, etirazçıların məqsədi “revanşizm”dir. Əslində isə etirazçılar Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamasının qarşısını almaq üçün onu vəzifədən uzaqlaşdırmağı düşünür.
İrəvanda baş verən hadisələri tam təfərrüatı ilə təhlil edən və təsvir edən jurnalistlər belə qənaətə gəlirlər ki, Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi “revanşistləri” dəstəkləmir və guya bütün bunlardan “küçə inqilabı qoxusu belə gəlmir.
Azərbaycan hakimiyyətinin tam nəzarətində olan mətbuatın Ermənistan müxalifətinə qarşı bu cür antipatiyası, əksinə, hakimiyyətə qarşı təmkinli tolerantlığı çaşqınlıq yaradır və suallara səbəb olur.
Bu mənada Rusiyanın federal mediasının erməni hadisələrinə susması, biganəliyi də maraqlıdır. Əminəm ki, cəmiyyətimizi narahat edən qorxu və şübhələr gec-tez qərəzsiz araşdırma obyektinə çevrilməli, yoxlanılmalı və aradan qaldırılmalıdır” deyə, Hambardzumyan qeyd edib.