Ukraynada hərbi əməliyyatlar 72-ci gününə daxil olduğu vaxtda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov nüvə başlıqlarının işə salınması ilə bağlı dünyanı narahat edəcək açıqlamalar verib.
HİT.az BAKU.WS-ə istinadən xəbər verir ki, rusiyalı səfir Moskvanın hansı şərtlər altında nüvə silahından istifadə edəcəyini bəyan edib.
Anatoli Antonov bildirib ki, Rusiya və onun müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarından istifadə olunacaqsa, ölkəsinə qarşı təcavüz qeydə alınarsa və ya dövlətin mövcudluğu təhlükə altına düşərsə nüvə silahlarından istifadə olunacaq.
Rusiyanın ABŞ-dakı səfiri əlavə edib ki, NATO nüvə müharibəsi təhlükəsini kifayət qədər ciddi qəbul etmir və bu, baş verərsə, "qalib” olmayacaq.
"NATO-dakı siyasətçilər açıq şəkildə nüvə təhlükəsini ciddi qəbul etmirlər", - deyə Antonov "Newsweek"-ə müsahibəsində vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Rusiya mətbuatında Kremlin inventarındakı kütləvi qırğın silahları ilə bağlı təhlükəli yazılar dərc olunur. Moskvanın nüvə hücumu xəritəsini canlı yayımda yayımlayan jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin 202 saniyəyə xəritədən silinəcəyini bildirirlər. Rusiyalı jurnalistlər də vurğulayırlar ki, belə bir hücum baş verərsə, hədəf alınan şəhərlərdə sağ qalan olmayacaq.
Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan "Satan 2" raketləri paytaxt Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir. Moskva özünə təhdid hesab etdiyi təqdirdə, bu raketlərlə Avropanın bütün paytaxtlarını vurmaq gücünə qadirdir. ABŞ mətbuatının yazdığına görə, Rusiyanın malik olduğu və nüvə başlığı daşıyan bilən raketlər ABŞ ərazisində də hədəfləri vurmaq gücündədir.