Dar və hündürdaban ayaqqabılar yastıpəncəliliyə səbəb ola bilər

09:29 / 19.05.2022
661

Yastıpəncəlilik pəncənin eninə və boylama tağının zəifləyib sallanması ilə xarakterizə olunan forma dəyişikliyidir. Ayaq qövsü insanın yeriməsində və addım atmasında birbaşa rol oynayır. Pəncə tağının mövcudluğu bədən ağırlığının ayaqda bərabər paylanmasına kömək edir. Yeriş zamanı pəncənin müxtəlif səthlərə uyğunlaşması üçün tağlar elastik və güclü olmalıdır. Ayaq vətərləri gərgin lent şəklində pəncə və daban sümüklərinə yapışaraq pəncə tağı deyilən hündürlüyü əmələ gətirir. Vətərlər kifayət qədər güclü olmadıqda, ayaq altındakı qövs azalır və yastıpəncəlilik yaranır. Belə vəziyyət həm böyüklərdə, həm də uşaqlarda müşahidə oluna bilər. Bütün uşaqlar yastıpəncəliliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə piy toxuması tağı gizlədə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Fizioterapiya və reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev deyib.

P.Mehdiyev yastıpəncəliliyin bədən çəkisi ilə birbaşa əlaqəsi olduğunu da qeyd edib: “Bədən çəkisi artdıqca pəncəyə düşən ağırlıq hesabına boylama yastıpəncəlilik özünü daha kəskin büruzə verir. Həmin patologiyaya əsasən qadınlarda rast gəlinir. Boylama yastıpəncəlilik 16-25, eninə yastıpəncəlilik isə 35-50 yaşlarda daha çox müşahidə edilir”.

Onun sözlərinə görə, anadangəlmə, travmatik, paralitik, raxitik və statik formaları olan yastıpəncəliliyin yaranma səbəbləri içərisində dar və narahat ayaqqabılar geyinmək, uzun müddət hündürdaban ayaqqabıda hərəkət etmək də var. Yastıpəncəliliyin diaqnozu ortoped həkim tərəfindən vizual və podoskopik, həmçinin iki proyeksiyada rentgenoqrafiya ilə qoyula bilər.

Pəncə üzərində oturan zaman müvazinətin itirilməsi, baş barmaqda sümük çıxıntısı, onurğa əyriliklərinə və diz oynaqlarında artrozun inkişafına səbəbolma, estetik görünüşün və qamətin pozulması, dırnağın ətə batması və uzun müddət piyada gəzərkən baldır əzələlərində ağrıların olmasını yastıpəncəliliyin əsas əlamətləri kimi xarakterizə edən həkim onu da bildirib ki, həmin patologiyanın dərman müalicəsi yoxdur, müəyyən profilaktik tədbirlər görməklə qarşısını almaq olar. Bunun üçün düzgün yerişin formalaşdırılması, yeriyərkən pəncələri aralı qoymamaq lazımdır ki, pəncənin iç əzələlərinə həddən artıq yük düşməsin, əks halda pəncənin bağ sistemi zəifləyir. Uzun müddət ayaq üstə durub işləyərkən ayaqlara düşən ağırlığı düzgün bölüşdürmək, hündürlüyü 4 santimetrdən çox olmayan ayaqqabı geyinmək və ayaqqabı içliyini düzgün seçmək də vacibdir. Uzunmüddətli ayaqüstü işlər zamanı ayaqqabıda supinator içliklərin istifadəsi, günün sonunda ayaq vannaları qəbul etmək və pəncənin masajı, nahamar döşəmədə pəncə-daban üzərində növbəli yeriş də profilaktik cəhətdən faydalıdır. Konservativ müalicə nəticəsiz olan zaman isə cərrahi müalicə məsləhətdir. İkinci və daha artıq dərəcəli yastıpəncəlilikdə cərrahi müalicə aparılır və həmin əməliyyatın effektivliyi 99 faizdir. Əməliyyatdan sonra isə ortopedik ayaqqabıların istifadəsi tövsiyə olunur.

0