Rusiyanın planı bəlli oldu, Ukrayna isə strategiyanı dəyişdi: Növbəti 6 ayda dünyanı nələr gözləyir?

15:55 / 27.08.2022
1991

Rusiya-Ukrayna müharibəsinin başlamasından 6 ay keçdi. Bu müddət ərzində dünya dəyişdi, böhranlar başladı, hər kəsin ürəyində qorxu yarandı. Bəs müharibənin növbəti altı aylıq dövründə nələr baş verəcək?

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin keçən dövrü növbəti altı ay üçün proqnozlar verməyə imkan yaradır.

Musavat.com xəbər verir ki, “The Guardian” qəzetində maraqlı təhlil yazısı dərc olunub.

Rusiya-Ukrayna müharibəsinin növbəti altı ayında nələr olacaq? İki ölkəni və ümumən dünyanı nələr gözləyir? Bu sualların cavabını özündə əks etdirən təhlil yazısını oxucularımıza təqdim edirik:

1. Müharibə, yəqin ki, ən az bir il davam edəcək, amma mahiyyət etibarilə dalana dirənmiş vəziyyətdə olacaq və intensivlik azalacaq.

Ukrayna və Rusiya itkilərə baxmayaraq, hələ ki müharibəni dayandırmağa hazır deyil. Ukrayna işğal olunmuş ərazilərini geri qaytarmaq, Rusiya isə təkcə rəqibinə deyil, Qərbə də ağır zərbələr vurmağa davam etmək niyyətindədir. Kreml gələn qışın öz xeyrinə olacağına inanır.

Buça, İrpen və Kiyevin şimalında, rusların işğalı altında olan ərazilərdə qətliamlara dair dəlillər ortaya çıxandan bəri tərəflər arasında danışıqlar aparılmayıb. Lakin iyun ayının sonunda Lisiçanskın işğalından sonra cəbhə xəttində hərəkət minimuma enib. Hər iki tərəf mübarizə aparır və getdikcə müharibədən yorulmuş görünür.

2. Ukraynanın effektiv əks-hücum vasitələri yoxdur, partizan basqınları isə Rusiyanın çöküşünü sürətləndirmək üçün “optimist” yoldur.

Ukrayna Dnepr çayının qərbində yerləşən Xersonu qaytarmaq istəyir. Lakin yüksək vəzifəli bir dövlət rəsmisi etiraf edib ki, onların rusları geri çəkilməyə məcbur etmək üçün kifayət qədər imkanları yoxdur. Kiyev hərbi strategiyasını dəyişərək düşmənə uzaqmənzilli raket zərbələri endirməyə və cəbhə xəttinin arxasında cəmləşən Rusiya xüsusi təyinatlılarına basqın etməyə başlayıb.

Prezidentin əsas müşaviri Mixaylo Podolyak deyib ki, məqsəd rus qoşunlarının daxilində xaos yaratmaqdır.

Lakin bu xaosun işğalçıların tamamən çökməsinə və Xersonu könüllü olaraq tərk etməsinə səbəb olma ehtimalı azdır.

3. Rusiya irəli getmək istəyir, lakin çox güman ki, onun diqqəti qazanclarını əlində saxlamağa və Ukrayna ərazisini ilhaq etməyə yönələcək.

Rusiyanın artilleriyaçılarının sayını artırmaq, qəsəbə və şəhərləri dağıtmaq və irəli getməkdən başqa yeni hücum planı yoxdur. Ruslar bunu həm effektiv olduğu üçün, həm də itkiləri minimuma endirmək məqsədilə edirlər.

Rusiya Donbasdakı Baxmut ətrafında bu strategiyanı tətbiq etməyə davam edir, lakin irəliləyiş ləngdir. Çünki Xersonda güclənmək üçün bəzi qüvvələri yenidən yerləşdirməli olub.

Kreml müharibənin əvvəlində gözlədiyinə nail ola bilməyib, lakin Rusiya hazırda şərqdə və cənubda Ukraynanın böyük bir hissəsini nəzarətdə saxlayır, həmçinin aktiv şəkildə ilhaq referendumlarının keçirilməsinə çalışır.

Soyuq havanın sürətlə yaxınlaşması səbəbindən, Rusiya, çox güman ki, nəzarətə götürdüyü ərazilərdə möhkəmlənməyə diqqət yetirəcək.

4. Qışda yeni qaçqın böhranı yaşanacaq. Ukrayna narahatdır, Rusiya isə soyuq ayları fürsət hesab edir.

Qış aylarının yaradacağı çətinliklər hər iki tərəfin strateji planında əsas yer tutur. Ukrayna artıq humanitar məsələlərə görə narahatdır, çünki Donetsk vilayəti və cəbhə xəttində yerləşən digər bölgələrdəki yaşayış məntəqələrində təbii qazla çalışan istilik sistemi mövcud deyil. Proqnoza görə, bu səbəbdən yeni miqrasiya dalğası başlayacaq və qışda 2 milyona yaxın insan sərhədi keçərək Polşaya gedəcək.

Rusiya isə qışı fürsət hesab edir. Ukrayna qorxur ki, Rusiya onun elektrik şəbəkəsini hədəfə almaqla və Zaporojye AES-i bağlamaqla istilik təchizatı ilə bağlı problemləri artıra bilər. Rəsmi Moskva, həmçinin Qərbin enerji xərcləri ilə əlaqədar yaşadığı maliyyə böhranının müddətini uzatmaq niyyətindədir və təzyiqi gücləndirmək üçün hər cür imkana malikdir.

Yaz aylarında hücumlar yenidən intensivləşə bilər. Hər iki tərəf, çox güman ki, fərqli bir müharibə dövrünə hazırlaşmaq və yenilənmək istəyəcək.

5. Qərb qərar verməlidir: Ukraynanın qalib gəlməsini, yoxsa müharibənin davam etməsini istəyir? Həmçinin humanitar yardım ehtiyaclara uyğunlaşdırılmalıdır.

Qərbin hərbi yardımı olmasaydı, Ukrayna məğlub olardı. Amma indiyə qədər Qərb Kiyevi rus qoşunlarını geri çəkilməyə məcbur etmək üçün kifayət qədər artilleriya, qırıcı təyyarə və digər silahlarla təmin etməyib. Siyasətçilər Rusiyanı müharibədən əvvəlki sərhədlərə sıxışdırmağın zəruriliyindən danışırlar, lakin bunun üçün Ukraynaya lazım olan qədər hərbi texnika verilməsini təmin etmirlər.

Eyni zamanda, Ukraynanın ehtiyacları artır. Məsələn, ölkənin yenidənqurma işləri üçün kifayət qədər vəsaiti yoxdur. Kiyevin şimal-şərq və şimal-qərbində bir çox evlər xarabalığa çevrilib, çarəsiz sakinlər qarajlarda və ya müvəqqəti tikililərdə gecələyirlər.

Məcburi köçkünlər çox vaxt məktəblərdə və ya uşaq bağçalarında, yəni insanların uzun müddət qalmağa çətinlik çəkdikləri yerlərdə yaşamalı olurdular.

Müharibə səbəbindən Ukraynanın aylıq 5 milyard dollar (4,2 milyard funt sterlinq) büdcə kəsiri yaranıb ki, bu da humanitar ehtiyaclar və yenidənqurma işləri üçün lazım olan məbləğdən dəfələrlə azdır.

0