Rusiya agenti NATO-ya necə sızdı? - Mariyanın İNANILMAZ HEKAYƏSİ

DÜNYA
12:26 / 28.08.2022
2104

Dünyanın istənilən yerinə asanlıqla agent yerləşdirmək məharəti ilə tanınan Rusiya NATO-ya sızmağı necə bacarıb? İnanılmaz hadisənin detalları…

2014-cü ildə Ukraynaya hücum etdikdən sonra Rusiya üçün NATO-nun hərəkətlərini yaxından izləmək vacib idi. Həmin il Krımın ilhaqı NATO-ya ağır zərbə vurmuşdu və Rusiya qüvvələri Ukraynanın şərqində qeyri-qanuni nəzarəti genişləndirdikcə Brüsseldəki NATO rəhbərlərinin onlara cavab verəcəyini bilirdilər. Buna görə də Kreml hərəkətə keçib və öz casusunu Neapola yerləşdirib.

Musavat.com xəbər verir ki, “The Telegraph” qəzetində NATO-ya sızan rus casusu ilə bağlı maraqlı yazı dərc olunub.

Materialda bildirilir ki, agent “bal tələsi” taktikası ilə alyasın rütbəli şəxslərini öz toruna salmağı bacarıb.

CASUS NATO-ya BU ÜSULLA SIZDI

NATO Cavab Qüvvələri (NRF) Brunssum, Hollandiya və Neapoldakı iki əsas hərbi qərargah vasitəsilə idarə edilir.

Hər iki qərargah rus casusları üçün çox cəlbedici hədəflərdir.

Neapol bazası əvvəllər NATO-nun Bosniyada keçirdiyi hərbi əməliyyatlar zamanı qərargah kimi istifadə edilib.

Bəlkə də, məhz buna görə “zərgərlik dizayneri” Mariya Adela NATO-nun iki böyük hərbi qərargahından birinin yerləşdiyi Neapolda mağaza açıb.

Rusiyanın NATO-nu izləmək üçün köhnə üsul olan “bal tələsi” taktikasından (qadının kişini cəlb etmək üçün əl atdığı üsullar - red.) istifadə etməsi də çox məntiqli olub.

Üstəlik, İtaliya ABŞ-ın “Global Hawk” pilotsuz təyyarələrinin hazırda Ukraynadakı hadisələri izlədiyi “Sigonella” aviabazasına da ev sahibliyi edir. Beləliklə, bu ölkədə rus agentləri üçün məlumat toplamaq baxımından zəngin mühit var.

Bu agentlər hədəf aldıqları cəmiyyətə daxil olmaq üçün əsas casus agentliklərindən böyük dəstək alırlar.

MARİYA ADELA KİMDİR?

Əsl adı Olqa Kolobova olan Mariya Adela Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin casusudur.

Kimliyi “Bellingcat” araşdırma qrupu tərəfindən üzə çıxarılan Mariya Adela Neapolda NATO bazasına yaxın yerdə məskunlaşıb, Posillipo məhəlləsində yaşayıb və özünü perulu zərgərlik dizayneri kimi təqdim edib.

Kremlin gizli agenti Neapoldakı alyans komandirlərinin həyatına girməyi bacarıb.

Belə ki, Mariya gündüzlər zərgərlik butikində çalışıb, axşamlar isə NATO diplomatlarının əyləndiyi gecə klubuna gedib, onlarla “təsadüfən” qarşılaşıb. “Bellingcat”ın məlumatına görə, o, bir sıra NATO zabitlərini, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli hərbçisini özünə aşiq etməyə nail olub. Mariya, eyni zamanda İtaliya, Belçika və Almaniyadan olan bir sıra alyans zabitləri ilə dostluq edib.

Qeyd edək ki, casus Neapolda məskunlaşmazdan əvvəl məşhur fotoqraf, rəssam və yazıçı Marcelle D'Argy Smit ilə əlaqə yaradıb.

Mariya, hətta ona daha yaxşı casusluq imkanları yarada biləcək bir adamla evlənib. Qəribəsi budur ki, agentin Rusiya əsilli italyan olan əri bir müddət sonra müəmmalı şəkildə ölüb.

HƏR İL XƏBƏRDARLIQ EDİLİR

Britaniya ordusunda bu təhlükəni şəxsi heyətə xatırlatmaq üçün illik təhlükəsizlik brifinqləri keçirilir. “Xüsusi təhlükəsizlik məhdudiyyətləri tətbiq olunan ölkələr” adlı siyahı Britaniya Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq yenilənir və siyahıda təkcə birbaşa təhlükə yaradan ölkələr deyil, həm də Britaniyaya qarşı gizli fəaliyyət göstərən ölkələrin adları da qeyd edilir.

Təbii ki, bu siyahıda Rusiya başda gəlir.

Son illərdə təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilsə də, köhnə üsul olan "bal tələsi" bu tədbirlərin effektivliyini azalda bilər.

0