80 yaşında güllələnən hərbi cani - “Qara Fyodor” 40 il ABŞ-da gizlənib

DÜNYA
14:03 / 22.10.2022
1297

O, qırx il ərzində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin elan etdiyi axtarışlardan yayına bilib. Okeanın o tayında, ABŞ-da bütün rahatlığını təmin edən Fyodor Fyodorenko elə düşünüb ki, artıq Moskvada onu unudublar. Amma heç də hər şey onun düşündüyü kimi olmayıb...

Fyodor Fyodorenko 1907-ci ildə Krımın Cankoy şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra sürücülük peşəsinə yiyələnib və elə yaşadığı şəhərdə də sürücü işləyib. Sovet-alman müharibəsi başlananda Fyodorenko səfərbərliyə cəlb edilərək orduya çağrılıb, Ukrayna cəbhəsinədə hərbi yük maşını sürüb. Müharibənin üçüncü həftəsində onun xidmət etdiyi hərbi hissə mühasirəyə düşəndə əraziyə yaxşı bələd olan Fyodorenko qaçmağa nail olub. Amma üç gündən sonra o, almanlara əsir düşüb.

Əsirliyin ilk günlərində Fyodorenkonu Jitomirdə əsirlərin müvəqqəti saxlandığı məntəqədə saxlayıblar. Məntəqədəki vəziyyət, əsirlərə verilən işgəncələr ilk dəqiqələrdən onu qorxuya salıb və o, məntəqə rəhbərliyinə əməkdaşlıq etmək haqqında müraciət edib. Həmin ərəfədə almanlar düşərgələrdə işləmək üçün əsir düşənlər arasından seçim edərək qruplar yaradıblar. Əvvəlcə onlara xüsusi təlimlər keçirilib, sonra isə düşərgələrdə işə təyin ediblər. Fyodorenkonun könüllü olaraq əməkdaşlığa razılığını almanlar müsbət qarşılayıblar.

Feodor_Fedorenko_(1907-1987).jpg (58 KB)

Fyodorenko bir müddət Polşada təlimlər keçib, nəzarətçi qismində ilk fəaliyyətinə isə “Travniki” əsir düşərgəsində başlayıb.

Qısa müddət ərzində öz cəlladlığı ilə fərqlənən Fyodorenkonun canfəşanlığı almanların diqqətindən yayınmayıb. Məhz bu fəallığına görə ona hərbi rütbə də veriblər. Fyodorenko 1942-ci ildə ölüm düşərgəsi kimi tarixə düşən “Treblinka”ya təyinat alıb.

Məhbusların “Qara Fyodor” adlandırdığı Fyodorenkonun “Treblinka”dakı fəaliyyəti yüksək çinli alman zabitlərinin də dilindən düşməyib. Onun hər gün yüzlərlə əsiri qaz kameralarına necə qovması, bəzən kameralara qaz buraxmamış içəridən hansısa bir əsiri çıxarıb “səni öldürməycəyəm” deyərək həyətdə gülə-gülə güllələməsi, qızdırılmaş dəmir parçalarını məhbusların bədəninə yeritməsi kimi hadisələr Fyodorenkonu düşərgədə ən populyar simaya çevirib.

3-29.jpg (172 KB)

Hər güllələdiyi əsirə görə spirt payı alan Fyodorenko düşərgədə bütün günü sərxoş vəziyyətdə gəzib. Buna görə düşərgə rəhbərliyi ona bir söz də deməyiblər. Onlar yaxşı biliblər ki, “Qara Fyodor” istənilən vəziyyətdə öz “iş”ini yüksək səviyyədə icra edə bilir.

Amma zaman Fyodorenkonun xeyrinə işləməyib. Almaniyanın məğlubiyyəti yaxınlaşdıqca onun narahatlığı, gərginliyi artıb. Fyodorenko öz gələcəyi üçün narahat olub, yaxşı anlayıb ki, nasistlərə xidməti ona baha başa gələcək. Çıxış yolu isə yalnız qaçmaq olub. Beləliklə də Fyodorov 1945-ci ildə Amerikaya qaçmağa qərar verib və o, istəyinə nail ola bilib. 1948-ci ildə o, ABŞ vətəndaşlığını da alıb.

Fyodorenko Mayamidə məskunlaşıb. 10 il ərzində o, yerli müəssisələrin birində işləyərək təqaüdə çıxıb, ABŞ hökuməti ona pensiya verib. O, özünə xudmani bir mənzil də alıb.

Uzun illər Fyodorenkonu heç kim narahat etməyib. Hər halda o, belə düşünüb ki, baş verənlər, törətdikləri keçmişdə qalıb, unudulub. Fyodorenko bu düşüncələrdə olduğu zaman isə DTK onun axtarışı ilə məşğul olub. 1960-cı illərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, SSRİ vətəndaşlarından müharibə illərində hərbi cinayət törətmiş 59 nəfər ABŞ-da məskunlaşıb. Bu siyahıda Fyodorenkonun da adı yer alıb.

5b7c391c9e5a4.image.jpg (197 KB)

1970-ci illərin əvvəllərində Leonid Brejnev ABŞ prezidenti Riçard Niksona məsələ ilə bağlı müraciət edib. Bu müraciət Niksonun hakimiyyətdən getməsi ilə bağlı nəticəsiz qalıb. Növbəti prezident Cerald Ford isə hərbi cinayətkarlarla bağlı mövzunu SSRİ ilə müzakirə etməyi mənasız sayıb. Sözsüz ki, bu məsələlərdən qismən də olsa Fyodorenkonun məlumatı olub və o, daha da arxayınlaşıb.
1974-cü ildə Fyodorenko ABŞ vətəndaşı kimi SSRİ-yə, Ukraynaya turist səfərinə gəlib. O, doğulub böyüdüyü şəhərə də gedib. Yerli sakinlərdən onu tanıyanlar olub, hətta işgəncə verdiyi keçmiş əsirlərdən biri də Fyodorenkonu görüb.

Səfər “uğurla” başa çatıb. Fyodorenko sağ-salamat Amerikaya qayıdıb. Krımda onu tanıyanlar isə yerli DTK şöbəsinə məlumat veriblər. Bu məlumatdan sonra Moskva rəsmi olaraq ABŞ prezidenti adminstrasiyasına Fyodorenkonun işinə baxılması üçün müraciət ünvanlayıb. 25 may 1976-cı ildə Fyodorenko məhkəməyə dəvət olunub. O, törətdiyi əməlləri etiraf etməyib. Sadəcə bildirib ki, “Treblinka” əsir düşərgəsində sıravi mühafizəçi qismində xidmət edib və dəfələrlə alman zabitlərinin işgəncələrinə məruz qalıb. Amerikalı hakim Norman Rutqer məhkəməni yekunlaşdıraraq bildirib ki, Fyodorenkonun özü nasistlərin qurbanlarından biri olub və onu əsirlərin kütləvi məhv edilməsində ittiham etmək ağılsızlıq olar.

npcmqge9vj391.jpg (106 KB)

Moskva isə Fyodorenkonun SSRİ-yə təhvil verilməsi üçün fəaliyyətini dayandırmayıb. Nəhayət, 1981-ci ildə SSRİ növbəti dəfə ABŞ-a müraciət edib. Bu dəfəki müraciətə Fyodorenkonun “Treblinka” əsir düşərgəsəndki kütləvi insan qırğınlarında iştirakını əks etdirən sənədlər, şahid ifadələri də əlavə edilib.

Fyodorenko həmin il yenidən məhkəmə çağrılıb. Amerika məhkəməsi SSRİ-nin onunla bağlı ittihamlarını qəbul edərək Fyodorenkonu ABŞ vətəndaşlığından məhrum edib və 1984-cü ildə o, SSRİ-yə ekstradisiya olunub.

1986-cı ildə Krım vilayət məhkəməsində Fyodorenkonun işi ilə bağlı iclas başlayıb. Məhkəmədə “Treblinka” əsir düşərgəsində Fyodorenkonun da iştirakı ilə 800 min nəfər əsirin məhv edilməsi faktı sübuta yetirlib. 80 yaşlı “Qara Fyodor” ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edilib. Məhkəmənin hökmü 28 iyul 1987-ci ildə icra olunub.

Mənbə: Musavat.com

0