Qaba Xruşov mədəni Adenaueri necə təhqir etmişdi... - dünya liderlərinin qəribəlikləri

DÜNYA
21:45 / 21.04.2023
943

Hər bir dövlətin strukturunda çoxsaylı vəzifələr var: nazir, sədr, direktor, rəis və s. Bu vəzifələrə müvafiq təhsil ocaqlarını bitirmiş şəxslər təyin edilir. Məsələn, səhiyyə naziri olmaq üşün tibb təhsili, tikinti sektoruna rəhbərlik etmək üçün mühəndis, silahlı qüvvələrdə komandan olmaq üçün hərbi təhsil vacib sayılır.

Amma bir vəzifə də var ki, həmin vəzifəyə təyinatda, yaxud da seçkidə konkret bir sahə üzrə təhsilin olması tələb olunmur. Bu prezident vəzifəsidir. Dünyanın ayrı-ayrı ölkələrində bu vəzifəni tutanlar fərqli ixtisas sahibləri olublar. Prezidentlər arasında həkimə, mühəndisə, incəsənət nümayəndəsinə, hərbçiyə, iqtisadçıya, hüquqşünasa, hətta meşəçiyə də rast gəlmək mümkündür. Bu ayrı-ayrı peşə sahiblərinin, ölkəsinin taleyinə cavabdehlik daşıyan prezidentlərin həyat və fəaliyyətləri çox da rahat və rəvan olmayıb. Qaralı-ağlı zolaqlar onların həyatından da keçib.

Musavat.com dünyanın birinciləri, prezidentlər haqqında maraqlı faktları təqdim edir.

Sözsüz ki, prezident kürsüsünə sahib olmaq üçün uzun və gərgin yollar keçilir. Amma belə hadisələr də olub ki, gərgin mübarizələrdən keçib prezident vəzifəsinə çatanlar bu vəzifənin “dad”ını çıxara bilməyiblər. 1985-ci ildə Braziliyda keçirilən prezident seçkilərində qələbə qazanan Tankredu Nevis inaqurasiya mərasiminə bir gün qalmış vəfat edib. ABŞ-ın doqquzuncu prezidenti Uilyam Harrison isə prezident kürsüsündə cəmi 30 gün, 12 saat, 30 dəqiqə əyləşə bilib. 68 yaşlı prezidentin ölümünü andiçmə mərasimi zamanı havanın soyuq olması daha da sürətləndirib.

000999.JPG (19 KB)

Həbs olunmayan, qaçmayan, devrilməyən prezidentlərdən başqa vəfat etmiş dövlət başçılarının dəfn mərasimləri xüsusi ehtiram və şərəflə keçirilir. Amma elə prezidentlər də olub ki, onu son mənzilə utanc hissləri ilə yola salıblar. Fransa prezidenti (1895-1899-cu illər) Feliks Forun vəfatının səbəbi rəsmi olaraq insult göstərilib. Qeyri-rəsmi və fransızlara məlum olan səbəb isə 58 yaşlı prezidentin qeyri-ənənəvi yolla cinsi əlaqədə olması zamanı ölməsidir.

KMO_088197_206653_1_t218_094457.jpg (110 KB)

Prezident vəzifəsini tutmaq seçkilərdə həll olunur. Seçkilər birinciliyə idddialıların sonuncu gərgin mübarizə mərhələsidir. Amma bu məsələdə də saxtakarlığa yol verənlər az olmayıb. Zimbabve prezidenti (1987-2017-ci illər) Robert Muqabe isə yəqin ki, bu işdə rekorda imza atıb. Məhz onun göstərişi ilə 3 milyon seçki bülleteni əlavə çap olunub ki, bu ümumi seçicilərin sayından çox olub.

Təkcə bir ölkədə yox, bir neçə ölkədə liderlik iddiasında olan prezidentlər də tapılıb. Çoxlarında bu iddialılıq heç bir nəticə verməsə də, Simon Bolivar öz istəyinə nail olamqı bacarıb. O, altı il ərzində (1824-1830-cu illər) eyni zamanda həm Perunun, həm Kolumbiyanın, həm də Boliviyanın prezidenti olub.

Bir çox insanlarda elə fikir formalaşıb ki, dövlət başçıları rəsmi statuslarına görə sıravilərdən fərqlənirlər. Yəni onlar adi həyatda da rəsmi olurlar. Amma bu yanlış fikirdir. Birincilər də kabinetdən kənarda hamı kimi zarafat edir, əylənir, öz hobbilərinə vaxt ayırırlar. Amma bəzən onların zaraftları böyük qalmaqala, gərginliyə də səbəb olur.

reyqan.jpg (150 KB)

Məslən, 11 avqust 1984-cü ildə ABŞ prezidenti Ronald Reyqan radio vasitəsi ilə növbəti ənənəvi müraciəti üçün mikrafon qarşısına keçəndə, zənn edib ki, qurğular hələ işə salınmayıb. O, zaraftayana məşq edirmiş kimi müraciətini belə başlayıb: “Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın bombalanmasına başlanılacaq”. Bu “müraciət” operatorların səhlənkarlığı ucbatından birbaşa efirdə yayımlanıb. Reyqanın zarafatı saniyələr ərzində SSRİ-də silahlı qüvvələrini döyüş hazırlığına gətirib.

01-vor-50-jahren-reiste-bundeskanzler-konrad-adenauer-zu-einem-staatsbesuch-nach-reims-frankreich-data.jpg (145 KB)

Sovet liderlərinin həyatında da maraqlı hadisələr az olmayıb. Xüsusilə, Nikita Xruşov heç bir siyasi etikaya sığımayan hərəkətləri ilə yadda qalıb. II dünya müharibəsindən sonrakı dövrdə Almaniyanın federal kansleri (1949-1963) Konrad Adenauer beynəlxalq müstəvidə nüfuzlu siyasətçilərdən biri sayılıb. Buna baxmayaraq, Xruşov onu kütlələr qarşısında təhqir dərəcəsinə qədər aşağılamaqdan çəkinməyib: “Biz heç vaxt Adenaueri Almaniyanın rəsmisi kimi qəbul etməyəcəyik. Əgər onun şalvarını çıxarıb arxasına baxsaq, görəcəyik ki, Almaniya iki yerə bölünüb. Əgər qarşı tərəfdən baxsaq, şahidi olacağıq ki, Almaniya heç vaxt qalxmayacaq...”

brey.jpg (79 KB)

Leonid Brejnev isə sovet tarixinə SSRİ-yə 18 illik rəhbərliyi ilə yanaş,ı həm özünün söylədiyi, həm də haqqında söylənilən lətifələrlə düşüb. Baş katib hətta öz yaxın ətrafından xahiş edib ki, onun haqqında olan lətifələri söyləsinlər. Bu lətifələrdən xoşhallanan Brejnev qürurla söyləyib ki, əgər mənə lətifə qoşurlarsa, bu mənim mövcudluğumun, fəaliyyətimin nəticəsidir.

Sovet liderləri haqqında xalq arasında söylənilən ən “böyük” lətifəyə bənzər fikir isə gerçəkliyə daha uyğun gəlib:

“Stalin sübut etdi ki, ölkəni tək də idarə etmək olar.

Xruşov ölkənin sərsəm bir adam tərəfindən də idarə edilməsininin mümkünlüyünü isbat etdi.

Brejnev isə öz fəaliyyəti ilə sübuta yetirib ki, ölkəni idarə etməmək də olar”.

 

0