Ukraynadan Makrona sərt cavab: "Bordodan imtina edəcəkmi?"

DÜNYA
14:47 / 26.04.2023
846

Rusiya və Ukrayna arasında vasitəçilik vəzifəsinə can atdığını hər fürsətdə dilə gətirən Fransa prezidenti Emmanuel Makronun sülh planı Kiyevin etirazına səbəb olub.

HİT.az "Hürriyət"ə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov sülhün əldə olunması üçün bütün Ukrayna torpaqlarının geri qaytarılmalı olduğunu təkrarlayıb və Kiyevin arxasından danışıqlar aparmağın Fransaya aid olmadığını deyib.

“Makron Bordodan imtina edəcəkmi?” deyə sual edən Danilov daha sonra deyib: “Mən Makrona Fransanın bir hissəsindən çəkilməyi təklif edirəm. O bunu edə bilərmi? Bordonu və ya Fransanın başqa bir hissəsini başqa ölkəyə versin”.

Makronun Fransanın Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu oynamaq cəhdlərini dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov isə Parisin müharibədə tərəf olduğunu deyib: “Paris dolayısı ilə və birbaşa olaraq Ukrayna məsələsində iştirak edir”.

Daha əvvəl Fransanın rolunu “vasitəçi güc” olaraq xarakterizə edən Makron “Biz Rusiyanı alçaltmamalıyıq ki, müharibənin bitdiyi gün diplomatik kanallarla çıxış yolu qura bilək".

Sərt etirazlardan sonra Makron ritorikasını dəyişərək “Ukrayna müharibədə qalib gəlməlidir” ifadəsini işlətmişdi.

Makronun "Rusiyanı alçaltmamalıyıq” sözlərinə cavabı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba verimişdi: “Rusiyanı alçaltmamaq çağırışları yalnız Fransanı və ona çağırış edən digər ölkələri aşağılaya bilər”.

Samir

0