Bayden ikinci dəfə seçiləcək?

DÜNYA
21:32 / 26.04.2023
765

Ötən gün ABŞ-ın mövcud Prezidenti Co Bayden ikinci dönəm üçün yenidən namizədliyini irəli sürdü.

Əlbəttə ki, bu, bir çoxları üçün sürpriz oldu. İlk dönəmində unutqanlıqları və qəribə hərəkətləri ilə demək olar ki, hər həftə gündəmə gələn Baydenin yenidən namizəd olacağı gözlənilən deyildi. Çünki sağlamlığının yerində olmadığı barədə dəfələrlə xəbər yayılan, görüşdüyü dövlət başçılarının adını səhv deyən, hər fürsətdə vitse-prezidenti "Prezident" adlandıran, səhnədə donub qalan və gedəcəyi yeri qarışdıran başqa bir ABŞ rəhbəri olmamışdı. Düzdür, onun sələfi Donald Tramp da olduqca sensasiyalı və hər addımı gündəm olan lider idi. Lakin Co Baydendə işlər tamamilə dəyişdi. İlk dəfə bir ABŞ Prezidenti barəsində birinci dönəminin başından sonuna qədər səhhətilə bağlı ciddi şübhələr formalaşırdı. Bütün bunların fonunda onun vaxtından öncə vəzifəsindən gedə biləcəyi ilə bağlı iddialar da yayılırdı. Hətta Tramp da mübarizə apardığı Baydenin ömrünün prezident müddətinə çatmayacağını deyərək, onun səhhəti və yaşlılığını gündəmə daşımışdı.

Bir çox ekspertlər də hesab edirdilər ki, Co Bayden ikinci ilində istefa verərək, yerini vitse-prezident Kamala Harrisə təhvil verəcək. Bir müddət bununla bağlı çox ciddi şəkildə söz-söhbətlərin olduğunu da unutmaq olmaz. Lakin bütün baş verənlərə zidd olaraq sürpriz nəticələr qeydə alınmağa başladı. Ötən ilin sonlarında keçirilən aralıq seçkilərində Co Baydenin Demokratlar Partiyası uğurlu nəticə əldə edərək mövqelərini möhkəmləndirdi. Hərçənd ki, sözügedən seçkidə Respublikaçılar Partiyasının üstünlük qazanacağı və bunun 2024-cü ildə keçiriləcək seçkilərdə Donald Trampa çox yüksək təsir edəcəyi proqnozlaşdırıldı. Lakin reallıqla proqnozlar üst-üstə düşmədi. 

Əslində Demokratlar Partiyasından 2024-cü il seçkilərində Kamala Harrisin və ya Barak Obamanın namizəd olacağı ehtimal edilirdi. Ancaq son anketlər hər nə qədər reytinqin çox aşağı düşməsinə baxmayaraq, hələ də Co Baydenin Donald Trampın qarşısındakı ən real namizəd olduğunu göstərdi. Yəni hər nə qədər qəribə olsa da, seçicilər hələ də Baydeni dəstəklədiyi ortaya çıxdı. Bununla yanaşı, Demokratlar Partiyasının üzvlərinin 81 faizinin seçkilərdə onu dəstəkləyəcəyini deməsi də olduqca diqqət çəkdi. Beləliklə, böyük dəstəyi arxasına alan Co Bayden gözləntilərin əksinə olaraq, yenidən ABŞ Prezidentliyinə namizədliyini irəli sürdü. 

80 yaşlı Bayden seçiləcəyi təqdirdə ikinci dönəminin sonunda 86 yaşı olacaq. Bir nüansı da xatırlamaq yerinə düşər. Xəyalı ABŞ-ın ən gənc Prezidenti olmaq olan Co Bayden, ABŞ-ın ən yaşlı Prezidenti olaraq tarixə keçib. Belə yaşlı və ilk dönəmində sadalanan hadisələrlə yadda qalan bir liderin ABŞ kimi super gücü necə idarə edəcəyi də maraq mövzusuna çevrilib. Lakin hər şeyə rəğmən onun yenidən seçilmə ehtimalı yüksək qiymətləndirilir...

Pərviz

0