Çin Rusiya-Ukrayna müharibəsini bitirə bilərmi?

DÜNYA
17:21 / 28.04.2023
910

Rusiya-Ukrayna müharibəsinin bitirilməsi üçün Çin prosesə daxil olub.

Belə ki, 24 fevral 2022-ci ildə müharibə başlayandan bəri ilk dəfə Çin və Ukrayna prezidentləri arasında telefon danışığı baş tutub. Vladimir Zelenski indiyə qədər Si Cinpinlə telefonla danışmaq və görüşmək barədə bir neçə dəfə təklif versə də, qarşı tərəf bunu qəbul etməmişdi. Lakin 2 gün öncə tərəflər arasında 1 saatlıq telefon danışığı olması sülhlə bağlı ehtimalların meydana gəlməsinə səbəb oldu. Danışığın ardından Rusiya və ABŞ tərəfindən də açıqlamalar verilərək, sülhün vacibliyi vurğulandı.

Onu da əlavə edək ki, ötən ay Moskvaya səfər edən Çin Prezidenti Si Cinpinq Rusiya lideri Vladimir Putin ilə görüşündə də sülh prosesini müzakirə etmişdi. Hansı ki, Çinin təklif etdiyi 12 bəndlik sülh təklifində Ukraynanın ərazi bütövlüyü yoxdur. Sözügedən təklifin Kremlin istəklərinə uyğun hazırlanması həm Ukrayna, həm də Qərbin sərt təpkiləri ilə üzləşib.

Maraqlıdır, Çin Rusiya-Ukrayna müharibəsinin bitirilməsi və sülh əldə olunması üçün vasitəçilik edə bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Azər Qasımlı bildirib ki, Çin Ukrayna-Rusiya müharibəsinin bitməsi üçün vasitəçilik edə bilməz:

"Mən bunun olacağına inanmıram. Bu vasitəçilik yalnız o halda mümkün ola bilər ki, Qərb Ukraynaya yardım etməz və rəsmi Kiyev Çindən vasitəçi olması üçün xahiş edər. Amma belə olacağı təqdirdə belə, Rusiyanın Çini dinləyib-dinləməyəcəyi də sual altındadır. Nəzərə almaq lazımdır ki, hazırda Qərb Ukraynanın arxasında dayanır. Ona hərbi, siyasi, iqtisadi və diplomatik olaraq tam dəstək verir. Burada Çinin hər hansısa rol oynamağına yer yoxdur. Yəni rəsmi Pekin bu məsələdə "oyundan kənarda" qalıb".

Politoloq vurğulayıb ki, Çin sadəcə Rusiyanın vasitəsi ilə müəyyən mənada prosesdə iştirak edə bilər:

"Yəni ruslara hərbi yardım edə bilər. Necə ki, Qərb Ukraynaya yardım edir, Çin də eyni şəkildə Rusiyaya yardım edə bilər. Bununla da Rusiyanın döyüş meydanında məğlub olmasının qarşısını almağa çalışar. Çin sadəcə bu baxımdan prosesə müdaxilə edə bilər. Lakin sülh danışıqları ilə bağlı Pekinin bu addımı atacağını düşünmürəm.

Həmçinin, Qərb də Çinin hansısa formada prosesdə iştirakına imkan verməyəcək. Ukraynanın isə sülh danışıqları və ya Rusiya ilə masaya oturmaq kimi bir fikri yoxdur. Çünki bütün dünya Ukraynanın əks hücumunu gözləyir. Yalnız bundan sonra hansısa danışıqlar ola bilər, amma yenə də burada Qərb daha çox rol oynacacaq".

Pərviz

0