ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) bəyan edib ki, dünyada bu günə qədər mövcud olan bütün qızıllar 23x23 metrlik kubun içinə sığa bilir.
HİT.az xəbər verir ki, qurumun açıqladığı məlumatlara görə, bu günə qədər dünyada 244 min ton qızıl tapılıb. Bunun 187 min tonu mədənçiliklə hasil edilib. Böyük Britaniyada yerləşən və populyar elmi xəbərləri dərc edən "IFL Science" saytının paylaşdığı məlumata görə, hər il 2756-3307 ton qızıl çıxarılır.
Dünya qızıl ehtiyatlarının ən azı 30 faizi Cənubi Afrikadakı Vitvatersrand hövzəsində yerləşir. Çin qızıl istehsalında birinci ölkədir. Dünyanın ən böyük qızıl hasilatı şirkəti Kanadada yerləşən "Barrick Gold Corporation"dır. Şirkətdə təxminən 7 min işçi çalışır və ildə 99,223 kiloqram qızıl istehsal olunur.
USGS-in məlumatlarına görə, mədən olaraq yerin altında 57 min ton qızıl qalıb. "IFL Science" yazıb ki, bu qızıl mövcud texnologiyalarla 17 ilə yaxın müddətdə hasil edilə bilər.
Xəbərdə o da bildirilir ki, Antarktidada və okeanların dibində qızıl mədənləri var, lakin indiki imkanlarla onları çıxarmaq çox baha başa gələr.
Samir