Rusiya-Ukrayna müharibəsi tezliklə başa çata bilər? - ŞƏRH

14:23 / 02.05.2023
1062

Ukrayna Rusiyaya qarşı əks-hücum əməliyyatlarına start verib.

Gözlənildiyi kimi ilk həmlələr məhz Baxmutda baş verib. Ukrayna Silahlı Qüvvələrin əks-hücumu nəticəsində Baxmutdakı bir neçə kənd işğaldan azad olunub. Həmçinin, ötən həftənin sonu Ukraynaya məxsus dronlar tərəfindən Krımdakı neft zavodunu vurulub. Ekspertlər Ukraynanın növbəti hücumlarının sarsıdıcı ola biləcəyini proqnozlaşdırırlar.

Ümumiyyətlə, Ukraynanın əks-hücumu necə yekunlaşa bilər? Müharibənin tezliklə başa çatma ehtimalı var?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, son günlərdə Rusiya-Ukrayna cəbhəsində hərəkətlilik müşahidə olunur:

"Xüsusilə, Baxmut istiqamətində Ukrayna Ordusunun əks həmlələri müşahidə olunur. Artıq bir neçə kəndin Ukrayna Ordusunun nəzarətinə keçdiyinə dair xəbərlər yayılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya çox çətin vəziyyətdədir. Üstəlik, bu yorucu müharibənin rusların rezervlərini də tükətdiyini görürük. Bu rezervlər tükəndiyi üçün Rusiya daxilində də müəyyən çaxnaşma başlayıb. Xüsusən də Prezident Vladimir Putinin ən yaxın adamlarından olan, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin timsalında görmək mümkündür".

Ekspert vurğulayıb ki, həqiqətən də Rusiya nə olur-olsun bu müharibənin dayanmağını istəyir:
"Ancaq Kreml müharibənin indiki vəziyyətdə dayanmağını istəyir. Yəni işğal etdiyi ərazilərin Rusiyada qalması və prosesin gələcəyə daşınması üçün əlindən gələni edir. İstənilən halda, bütün bunların hamısı Rusiya üçün çox çıxılmaz bir ssenariyə gətirib çıxarır. Əgər Vladimir Putin bunlardan imtina etsə və yenidən müharibədən əvvəlki vəziyyətə qayıtsa, Rusiya cəmiyyəti ondan bu qədər itkini nə üçün verdiklərini soruşacaq. Ona görə də Kreml müharibənin mövcud şərtlərlə bitməsini istəyir. Əlbəttə ki, rəsmi Kiyev bunu qəbul etmir. Digər tərəfdən, müharibə belə yekunlaşarsa, Ukrayna xalqı da Vladimir Zelenskini ittiham edəcək. Bu zaman isə onun üçün çox ağır bir ssenari reallaşa bilər".

Pərviz

0